Şəki rayonunda əhalinin dispanserizasiyasına başlanacaq

Şəki rayonunda əhalinin dispanserizasiyasına başlanacaq
# 15 fevral 2014 15:08 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə vətəndaşların dispanserizasiyası məsələsinə həsr olunmuş müşavirə keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müvafiq təşkilat nümayəndələri və rayon ziyalıları iştirak edib. Tədbiri giriş sözü ilə açan Şəki şəhər İH-nin başçısı Elxan Usubov ölkədə vətəndaşların sağlamlığının qorunması, tibb xidmətinin səviyyəsinin ildən-ilə yaxşılaşması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görüldüyünü, bununla bağlı bir sıra mühüm sərəncam və fərmanların imzalandığını qeyd edib. Tədbirdə bildirilib ki, Şəkidə ötən il əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanası və onun poliklinika şöbəsi və digər növ ixtisaslaşdırılmış şəfa ocaqları əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi - dispanserizasiyanın keçirilməsi isə dövlət başçısının respublika əhalisinə, onların sağlamlığına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu məqsədlə fevralın 17-dən etibarən Şəki rayonunda əhalinin dispanserizasiyasına başlanacaq və 18 yaşdan yuxarı bütün vətəndaşlar pulsuz tibbi müayinəyə cəlb ediləcəklər. Bununla əlaqədar olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə komissiya yaradılıb və komissiyanın tərkibi müşavirə iştirakçılarına təqdim olunub.

Daha sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Məcid Əliyev çıxış edərək respublika əhalisinə göstərilən bu yüksək dövlət qayğısından vətəndaşların maksimum yararlanmasının vacibliyini diqqətə çatdırmaqla, təsdiq olunmuş iş qrafiki barədə məlumat verib. Onun sözlərinə görə, dispanserizasiyaya Mərkəzi Rayon Xəstəxanasının həkim briqadaları cəlb ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR