Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri BVF missiyasının rəhbərini qəbul edib - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri BVF missiyasının rəhbərini qəbul edib - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 12:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, A.Əliyev BVF ilə DGK arasındakı mövcud əlaqələr, əməkdaşlığın gələcək perspektivlərindən danışıb. A.Əliyev Azərbaycan gömrük sisteminin beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb. Gömrük sistemində sürətli inkişaf strategiyasına start verildiyini vurğulayan Komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

DGK sədri ölkənin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurulduğunu, mal və nəqliyyat vasitələrinin artıq avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırıb. Ölkənin gömrük sistemində xeyli müddətdir ki, «bir pəncərə» prinsipinin tətbiq edildiyini, bununla da rəsmiləşdirilmə sahəsində vaxt itkisinin minimuma endirildiyini bildirən A.Əliyev birbaşa təmasın olmadığını, artıq gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini, gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

DGK-də Avropa Birliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən «Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi Layihəsi» çərçivəsində Azərbaycanın yeni Gömrük Məcəlləsinin bir neçə ildir qüvvəyə mindiyini diqqətə çatdıran DGK sədri qeyd edib ki, bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.

BVF-nin Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən R.Almarzogi ölkənin sürətli inkişaf tendensiyasından razılığını ifadə edib, xüsusilə son illər gömrük sistemində əldə olunan nailiyyətlərin Fond tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qədim İpək Yolunun bərpası, bu ölkələr arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı A.Əliyev bildirib ki, noyabrın 14-də Qəbələ şəhərində İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair Beynəlxalq Forum işə başlayacaq. Sayca 6-cı olan bu forumda İpək Yolu ölkələrində gömrük-sərhəd keçid proseduralarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və s. məsələlər müzakirə ediləcək.

Görüşdə həmçinin, gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində mövcud vəziyyət müzakirə edilib, qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR