Azərbaycan xarici işlər nazirinin müavini ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib

 Azərbaycan xarici işlər nazirinin müavini ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib
# 03 iyun 2014 15:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ Dövlət Departamentinin enerji resursları bürosunun baş müşaviri Daniel Staynı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı X.Xələfov qonağa regionda enerji sahəsində həyata keçirilən layihələr barəsində ətraflı məlumat verib.

Azərbaycanın hər zaman regional əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran X.Xələfov bu istiqamətdə çoxtərəfli və ikitərəfli dialoqların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

X.Xələfov Xəzər dənizində beynəlxalq əməkdaşlıq ruhunun gücləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini, bu istiqamətdə tərəfdaşların dəstəyinin zəruriliyini önə çəkib, region və qonşu ölkələrlə qurulmuş əlaqələrin inkişaf etdirilməsi üçün regionda təhlükəsizliyin və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə qonağı məlumatlandıran nazir müavini Ermənistanın qeyri-konstruktiv mövqeyinin problemin həll olunmasına imkan vermədiyini vurğulayıb və beynəlxalq birliyin bu məsələdə prinsipial mövqe nümayiş etdirməsinin zəruriliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR