«Azəriqaz»: Birlik ən qısa müddətdə istənilən qazanxanaya qaz açılmasının təmin olunmasında maraqlıdır

«Azəriqaz»: Birlik ən qısa müddətdə istənilən qazanxanaya qaz açılmasının təmin olunmasında maraqlıdır
# 04 fevral 2014 13:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti bəzi KİV-də məktəblərin qazanxanalarının qazla təminatı ilə bağlı yayılan qeyri-dəqiq məlumatlara cavab verib.

Şirkətin «Azəriqaz» İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, söhbət məktəblərin deyil, onların qazanxanalarının qazla təmin olunmasından gedir: «Çünki qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə əsasən, tədris binalarında qaz cihazlarından istifadəyə yol verilmir. Yəni, hər bir məktəbin qazla təmin olunması üçün ilk növbədə qazanxanasının olması vacibdir».

«Azəriqaz» bildirir ki, həmin qazanxanaya qaz verilməsinin təmin olunması üçün isə aidiyyəti qurumlar tərəfindən müvafiq sənədlər «Azəriqaz»a təqdim olunmalıdır: «Əgər bütün sənədlər (məktəb binasının qazanxanasının qazlaşdırılmasına dair layihə-smeta sənədləri, qazlaşdırmaya dair texniki icra sənədləri, qaz sayğacının quraşdırılması aktı, məsul şəxsin təyin olunması haqqında əmr, qazanxananın tüstü bacasının vəziyyəti haqqında arayış və s.) qaydasında olarsa və qazanxanaya qazın verilməsi bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verərsə, o zaman müvafiq baxış keçirilməklə istənilən məktəbin qazanxanasının qazla təmin olunması «Azəriqaz» İB tərəfindən ən qısa zaman ərzində reallaşdırılır».

Qurum bəyan edir ki, «Azəriqaz» ən qısa müddətdə istənilən qazanxanaya qaz açılmasının təmin olunmasında maraqlıdır və buna tam hazırdır.

Qeyd edək ki, ötən il və bu ilin yanvar ayı ərzində Azərbaycanda ümumilikdə 180 məktəbin qazanxanasına təbii qazın verilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR