Məzahir Pənahov: “Adı seçici siyahısında olmayanların sayı çox azdır”

Məzahir Pənahov: “Adı seçici siyahısında olmayanların sayı çox azdır”
# 29 may 2013 15:36 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri MSK Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar.

APA-nın məlumatına görə, proseslə tanışlıq zamanı çap şəraiti haqqında MSK üzvlərinə və media nümayəndələrinə məlumat verən Mərkəzin direktoru Rüfət Gülməmmədov bildirib ki, seçici siyahılarının çapı vahid seçici siyahısına uyğun aparılır və bu proses üçün son model texnologiyalardan istifadə edilir.

R.Gülməmmədov bildirib ki, çap prosesi üçün ayrılan otaqda seçici siyahıları xüsusi proqram tərtibatı ilə çap olunur. Bu siyahılar 5 il müddətinə MSK-nın anbarında saxlanılır: “Bu printerlər özündən əvvəlkilərdən iki dəfə sürətli çap prosesini həyata keçirməklə fərqlənir. Bu da daha tez müddətə seçici siyahılarının hazırlanmasına imkan verir. Vahid seçici bazasında hesabatlar, axtarışlar, təhlillər aparılması üçün xüsusi proqram təminatı da hazırlanıb. Əvvəlki printerlər 1 dəqiqədə 800 sətir çap edirdisə, yeni işə salınan avadanlıqlar 1500-ə yaxın sətir çap edir”.

O qeyd edib ki, MSK vahid seçicilər siyahısının dəqiqləşməsi prosesinə yekun vurub.

Sonra MSK-nın növbəti iclası keçirilib. Yığıncaqda MSK-nın 11 aprel 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair MSK sədri Məzahir Pənahov məlumat verib. MSK katibi Arifə Muxtarlı və qurum üzvü Şaitdin Əliyev isə bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi ilə bağlı məlumat veriblər.

İclasda çıxış edən digər MSK üzvləri isə seçici siyahılarının hazırlanması haqda danışıblar.

MSK üzvü Akif Qurbanov isə seçici siyahılarının hazırlanmasında neqativ hallara yol verildiyini deyib. O bildirib ki, 2013-cü illə bağlı Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərlə fərq mövcuddur.

M.Pənahov deyib ki, adı seçici siyahısında olmayanların sayı çox azdır: “Dünya təcrübəsində belə hallar olur. Ona görə hesab edirəm ki, narahat olmalı məqam yoxdur. Borcumuz ondan ibarətdir ki, adı olmayanları siyahıya salaq. Yəni əsas məsələ bundan ibarətdir ki, vətəndaşın seçmək hüququ pozulmayıb. Bu baxımdan hesab edirəm ki, seçici siyahıları yüksək səviyyədə hazırlanıb”.

M.Pənahov qeyd edib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək, fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilən seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Komissiyanın sədri seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Respublika Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi köməklik göstərdiyini də deyib. O vurğulayıb ki, aprelin 5-dən etibarən seçicilərin siyahısı MSK tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən dəqiqləşdirilərək yenidən tərtib edilib. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu proses artıq yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR