Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir

Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir
# 15 may 2014 16:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2014-cü il mayın 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, fondun Himayəçilik Şurası 6 may 2014-cü ildə keçirilən iclasda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 9%-ə endirilməsi barədə Mərkəzi Bankla razılaşdırmaqla qərar qəbul edib.

Bu dəyişiklik 19 may 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən üzv banklarda illik 9%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdiriləcək əmanətlər qorunmayan əmanət hesab ediləcək. Əlavə olaraq bildirilib ki, əmanət müqavilələrinin müddəti bitdikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin günə qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət edilsin.

Qeyd edək ki, 42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.

Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR