Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı məhkəmə davam etdirilib

Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı ilə bağlı məhkəmə davam etdirilib
# 23 may 2014 15:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Binəqədi rayon Məhkəməsində Azərbaycanda qətlə yetirilən Almaniya vətəndaşı Vüsal Şilderin ölümündən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vüsal Şilderin ailəsinin vəkili Aslan İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri müdafiə nitqi ilə çıxış ediblər. Təqsirləndirilən şəxslər isə çıxışa hazır olmadıqlarını bildiriblər və məhkəmədən vaxt istəyiblər. Bunun üçün proses mayın 29-na təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən və həbsdə olan iş adamı Yaşar Sunarın 7 il, sabiq polis mayoru İlham Məmmədovun 8 il, Qurban Novruzovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən şəxs, hazırda zamində olan Kənan Babayevin də 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İlham Məmmədov həbs olunana kimi Binəqədi Rayon Polis İdarəsində işləyib.

Ötən il mayın 2-də Ə. Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR