Azərbaycanda sahibkarlara güzəştli kreditləri elektron qaydada almaq imkanı yaradılıb

Azərbaycanda sahibkarlara güzəştli kreditləri elektron qaydada almaq imkanı yaradılıb
# 02 oktyabr 2013 10:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlar və müvəkkil kredit təşkilatlarının iştirakı ilə «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və Fondun yeni dizaynda tərtib edilmiş internet səhifəsinin təqdimatını keçirib.

«APA-Economics»in xəbər verdiyi kimi, artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, güzəştli kredit almaq istəyən müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək, müraciətlərə qanunvericiliyə uyğun baxdıqdan sonra müvafiq sənədlər elektron formada SKMF-ə təqdim ediləcək. Fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarlın elektron ünvanına göndəriləcək. Bununla da sahibkarların güzəştli kredit almaq üçün müraciətdən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinə qədər bütün proses elektron qaydada həyata keçiriləcək.

Qeyd edək ki, sahibkarlar bu imkandan Fondun rəsmi internet saytı (www.anfes.gov.az) vasitəsilə istifadə edə bilərlər.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, qurum tərəfindən 8 istiqamətdə interaktiv, 10 istiqamət üzrə informativ elektron xidmətlər göstərilir. Onun sözlərinə görə, bu elektron xidmətin tətbiqi şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın daha da artırılması baxımdan önəmlidir.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə çıxışı zamanı bu ilin ötən dövrü ərzində Fond tərəfindən 3 527 sahibkara 245 mln. manatdan çox güzəştli kreditin verildiyini açıqlayıb. Bu kreditlər 10 200 yeni iş yerinin açılmasını təmin edəcək: «Bu ilin ötən dövründə verilmiş kreditlərin 63,8%-i aqrar sahə, 36,2%-i sənaye məhsullarının istehsalı və emalı sahələrinə ayrılıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR