Güclü külək Qarabağ bölgəsinə də ciddi ziyan vurub

Güclü külək Qarabağ bölgəsinə də ciddi ziyan vurub
# 04 dekabr 2013 16:02 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə və Tərtər rayonlarında çoxlu sayda yaşayış evlərinin, inzibati binaların və təhsil müəssisələrinin dam örtükləri sıradan çıxıb. Sözügedən rayonların yaşayış məntəqələrinin əksəriyyətində elektrik naqillərinin qırılması üzündən indiyədək elektrik enerjisinin təchizatında problemlər yaşanır. Qasırğa ötən gecədən başlayaraq bölgənin əksər yaşayış məntəqələrini işıqsız qoyub. Çoxlu sayda tikiliyə güclü külək nəticəsində ciddi zərər dəyib.

Ağcabədidə bir çoxmərtəbəli binanın, bir məktəbin dam örtüyü sıradan çıxıb. Beşmərtəbəli tikilinin dam örtüyünün dağılması nəticəsində binanın yaxınlığından keçən elektrik naqilləri və qaz xətti yararsız hala düşüb. Beyləqan şəhərində isə beşmərtəbəli yaşayış evinin dam örtüyü qoparaq tikilinin yaxınlığındakı elektrik naqillərinə və iki avtomobilə ciddi zərər vurub.

Ağdamda da xeyli sayda yaşayış evinin, bir məktəb binasının damları qasırğa nəticəsində örtüksüz qalıb. Rayonun bir sıra yaşayış massivlərini indiyədək enerji təmin etmək mümkün olmayıb. Hazırda sözügedən rayonlarda fəsadlar aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR