Azərbaycan və ABŞ yeni birgə layihənin icrasına hazırlaşır

Azərbaycan və ABŞ yeni birgə layihənin icrasına hazırlaşır
# 20 sentyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan hökuməti və ABŞ Azərbaycanda dəyəri 18 mln. dollar olacaq yeni layihə həyata keçirməyi planlaşdırır. İcra müddəti 3 il olacaq bu layihə ilə bağlı artıq Azərbaycan tərəfinə təkliflər də edilib. Həmin təkliflər haqqında «APA-Economics»ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıb.


Onun sözlərinə görə, təkliflər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlıdır: «Təkliflərin biri ixrac subsidiyaları ilə bağlıdır. Yəni, təşkilat bizdən tələb edir ki, ixrac subsidiyalarının tətbiq edilməməsinə dair öhdəlik götürək. Biz hələlik bu cür subsidiyalardan istifadə etmirik. Heç bir məhsula xarici subsidiya vermirik. Yeni layihədə bunun Azərbaycana verəcəyi mənfi və müsbət tərəflərini öyrənmək istəyirik».


İkinci təklifin isə antidempinq məsələləri ilə bağlı olduğunu deyən xarici işlər nazirinin müavini bildirib ki, bu, çox spesifik bir məsələlərdir: «Bu məsələ ilə əlaqədar çox ciddi tədqiqatlar aparmaq istəyirik, məlumat toplanılmalıdır. Təəssüf ki, bizim hələlik belə imkanlarımız yoxdur. Amma bu işi USAID ilə birgə baş tutması nəzərdə tutulan ikinci layihədə birgə etmək olar. Həm də bundan bizim mütəxəssislərimiz də öyrənə və bu onlar üçün yaxşı təcrübə ola bilər», - deyə M. Məmmədquliyev əlavə edib.


M.Məmmədquliyev bütün bunların yeni layihə ilə bağlı qərar qəbul olunandan sonra baş tuta biləcəyini deyib. O, həmçinin qeyd edib ki, yeni layihədə ÜTT-yə üzvlük məsələsinə böyük əhəmiyyət veriləcək: təxminən 30% ÜTT, 70% isə kənd təsərrüfatı ilə bağlı məsələlərə həsr olunacaq.


«Hesab edirəm ki, bu düzgün addımdır. Əgər biz Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Çünki həm geniş potensialımız var, həm də əhalinin böyük bir qismi bu sahə ilə məşğuldur. Azərbaycanın yaxşı imkanları var ki, həm öz daxili tələbatını ödəsin, həm də öz məhsullarını böyük həcmlərdə xaricə satsın. Bunu əvvəlki layihənin davam kimi hesab etmək olar, lakin eyni zamanda burada yeni komponentlər də olacaq», - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR