Gürcüstanın dövlət nazirinin müavini: “Tezliklə Avropa Birliyinin bazarı bizim üçün açıq olacaq”

Gürcüstanın dövlət nazirinin müavini: “Tezliklə Avropa Birliyinin bazarı bizim üçün açıq olacaq”
# 12 iyun 2014 09:23 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Son illər ölkəmizdə Avropa əleyhinə təbliğatı gücləndirən və bizi SSRİ-yə çağıran təşkilatlar meydana çıxıb. Biz isə Avropa Birliyi və NATO-ya üzv olmağa cəhd edirik.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini David Dondua APA-ya açıqlamasında deyib.

Gürcüstanın Avropa Birliyi ilə geniş proqrama malik olduqlarını deyən D.Dondua ölkəsi ilə qurum arasında tezliklə assosiasiya sazişi imzalayacağını bildirib: “Tezliklə bizim üçün Avropa bazarı, eləcə də Avropa ölkələri üçün Gürcüstan bazarı açıq olacaq. Bunların hamısı yaxşı səslənir, lakin bunun arxasında nə durur? Məsələn, götürək azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunu. Reallıq onlara nə vəd verir? İstəyirik ki, əhali Avropa Birliyi və NATO-dan gözləntilərimizi bilsin. Çoxları fikirləşir ki, biz bu qurumlara üzv olsaq, bütün problemlərimiz həll olunacaq. Bu cür yanaşma düzgün deyil. Bütün problemlər həll olunmayacaq, ancaq dəyişikliklər baş verəcək”.

Gürcüstan-NATO əlaqələrindən danışan D.Dondua ölkəsinin quruma qəbulu məsələsi ilə bağlı alyansda hələlik konsensusun olmadığını bildirib.

“Lakin bu son deyil. Biz alyansda siyasi konsensusun olmasını istəyirik və bildiririk ki, Gürcüstan NATO-ya yaxınlaşmalıdır. Biz bu gün üzvlük barədə danışmırıq, inteqrasiyanın dinamikası barədə danışırıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR