"Baku Guide" bələdçi kataloqunun ikinci sayı çapdan çıxıb

"Baku Guide" bələdçi kataloqunun ikinci sayı çapdan çıxıb
# 05 may 2014 16:33 (UTC +04:00)

Bakı - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan "Baku Guide" bələdçi kataloqunun ikinci sayı nəfis tərtibatda işıq üzü görüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrin may buraxılışında da Azərbaycan, ingilis və rus dillərində rəngarəng materiallar var.

Bələdçi kataloqunda Bakının küçə və meydanlarının, şəhərdə və şəhər ətrafında yerləşən görməli yerlərinin, tarixi məkanların, mədəniyyət ocaqları haqqında məlumatlar, ünvan və əlaqə telefonları, eləcə də paytaxtdakı teatr və konsert müəssisələrinin may ayı üçün geniş repertuarı əksini tapıb.

Nəşrin “Tanınmış insanların Bakı haqqında təəssüratları” bölməsində dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin fikirlərinə yer verilib. Turistlər üçün informasiya bölməsində ölkəmizə gələn qonaqlar üçün zəruri informasiyalar verilib, onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılıb.

Eyni zamanda paytaxtımızın hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı və müxtəlif məlumat mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda yer alıb.

Qeyd edək ki, bələdçi kataloqu nəinki paytaxtımızın qonaqları, eləcə də şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR