Ziyafət Əsgərov: “Ermənilər Bakıya təxribat məqsədilə gəlmişdilər” - MÜSAHİBƏ

Ziyafət Əsgərov: “Ermənilər Bakıya təxribat məqsədilə gəlmişdilər” - <span style="color: red;">MÜSAHİBƏ
# 18 iyun 2014 14:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun APA-ya müsahibəsi

- Ziyafət müəllim, NATO PA-nın Bakıda keçirilən növbəti “Rose-Roth” seminarı yekunlaşdı. Gözləntilər nə idi və yekun nəticə nədən ibarət oldu?

- Bizim bu seminardan ayrıca gözləntilərimiz vardı. O gözləntiləri əks etdirən mövzular da proqramda yer aldı. Ermənistan-Azərbaycan münaqişəsinin xüsusi olaraq ayrıca sessiyada müzakirə olunması və Avropadan olan parlamentarlara vəziyyətin nə yerdə olduğunu bir daha anlatmaq, gözlədiyimiz kimi, baş tutdu. Məsələ açıldı və müzakirə olundu. Bundan başqa, Azərbaycanın Avropa üçün önəmi gözlədiyimiz kimi əsas diqqətdə oldu. Çünki Avroatlantik məkan üçün Azərbaycanın karbohidrogen ehtiyatları ilə təmin olunma məsələsi çox önəmlidir. Digər bir məsələ isə regiondakı vəziyyətlə bağlı idi. Hesab edirəm ki, bütün bunlarla birlikdə biz gözləntilərimizə nail olduq. Bütövlükdə seminar öz hədəfinə çatdı, uğurlu oldu. Vermək istədiyimiz mesajı verə bildik.

- Dediyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi NATO PA çərçivəsində ayrıca sessiya olaraq müzakirə olundu. Necə düşünürsünüz, bunun münaqişənin həlli prosesinə hansısa təsiri olacaqmı? Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin məhz NATO-ya üzv ölkələrin birində görüşü gözlənilir...

- Ümumiyyətlə, hər belə beynəlxalq tədbirdə bu münaqişənin müzakirə olunması çox yaxşı haldır. İlk növbədə informativ baxımdan vacibdir. Yəni dünya ictimaiyyəti hər dəfə münaqişənin əsl mahiyyətinə daha çox yaxın olur. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağda, ümumiyyətlə, işğal olunmuş bütün torpaqlarda suverenliyinin təmin olunması bizim üçün başlıca məsələdir və bütün beynəlxalq tədbirlərdə bunu gündəliyə çıxarırıq. Azərbaycanın inkişafı elə bir nöqtəyə çatıb ki, beynəlxalq birlik də həqiqətin artıq kimin tərəfində olduğunu bilir. 90-cı illərin əvvəllərində ermənilərin yaratdığı informasiya blokadası artıq yarılıb. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. NATO-da Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Bu seminarda da münaqişəyə ayrıca yer ayrılması hesab edirəm ki, tezliklə problemin həlli ilə bağlı töhfələr verəcək. Sözsüz ki, problemin həll olmasının əsas subyekti Azərbaycanın artan gücüdür, Azərbaycan ordusudur. Azərbaycan Ordusu gücləndikcə, problemin həlli də yaxınlaşacaq.

- Seminarda Ermənistan nümayəndə heyəti də iştirak etdi. Onların davranışları necə idi və buradan qayıdandan sonra onlardan nə gözləmək olar?

- Bilirsiniz, ermənilər bura konkret təxribat məqsədilə gəlmişdilər. Bu birmənalıdır. Onlar bu məqsədləri üçün hətta seminarın proqramına da zidd getdilər. Gündəlikdə Azərbaycana aid olan və ya olmayan mövzularda yerlərindən söz alıb tez-tez Azərbaycana atmaca atırdılar, qara yaxmağa çalışırdılar. Digər tərəfdən, Leyla Yunus faktoru onların planlarının tərkib hissəsi idi. Onlar Leyla Yunusla birlikdə seminarın birinci günü burada bir şou düzəltməklə nəsə etmək istədilər, amma qarşısı alındı.

- Demək istəyirsiniz, onlar əvvəlcədən Leyla Yunusla bunu planlaşdırıblar?

- Buna heç şübhəniz olmasın! Onlar arasında əvvəldən danışıq olub, çoxlu faktlar var. Əlbir olub seminar boyu Azərbaycana qarşı təxribat törətmək istəyirdilər, amma qarşısı çox uğurla alındı. Hətta seminarın rəhbərliyi çox sivil qaydada Leyla Yunusa ayrıca izah etdi ki, bura onun üçün siyasi mitinq yeri deyil. Bura NATO-nun tədbiridir, dəvət olunub, gəlib, oturub sivil qaydada çıxışını eləsin. Gündəlikdə olan məsələlərlə bağlı öz fikirlərini sivil qaydada deyə bilər. Həm də sizə daha bir maraqlı fakt da deyim: 2004-2008-ci illərdə Azərbaycanda bu “Rose-Roth” seminarı keçirilmişdi. Amma o vaxt ermənilər heç birində bura gəlmədilər. Bəs xeyir ola indi gəliblər? Yəni o vaxt da gələ bilərdilər. Eyni zamanda biz xarici ölkələrdə eyni beynəlxalq tədbirlərə düşəndə bu ermənilər, ümumiyyətlə, danışmırlar, yaxud çox cüzi, zəif çıxış edirlər. Amma burada böyük aktivlik göstərmək istədilər. Bu, böyük təxribatın tərkibi idi. Leyla Yunus da onları dəstək üçün Bakıda gözləyirdi. Amma məqsədləri ürəklərində qaldı. Heç nə də alınmadı. Seminar çox yüksək səviyyədə işini tamamladı. Qarşıya qoyulan bütün məsələlər uğurla müzakirə olundu.

- Ermənilər seminarda dəfələrlə separatçı Dağlıq Qarabağı tərəf kimi təqdim etməklə Ermənistanın sülh danışıqlarından uzaq olduğunu göstərmək istədilər. Bu seminardan sonra belə qənaətə gəlmək olarmı ki, artıq Ermənistanla danışıqların faydası yoxdur?

- Mən hesab edirəm ki, hələ ki, ehtiyac var. Məncə, münaqişənin sülh yolu ilə həlli imkanları hələ tükənməyib. Bundan istifadə etmək lazımdır. Amma biz yenə də görsək ki, onların bu tempi davamlıdır, bizimlə yalnız danışıq xətrinə danışığa gedirlər, o zaman bunlarla danışmağın mənası olmayacaq. Artıq birmənalı olaraq konkret sözü Azərbaycan ordusu deyəcək.

- NATO PA-nın seminarı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıda oldu. Bəziləri bununla Azərbaycanın Qərb və Rusiya arasında ciddi seçim qarşısında olması ilə izah edirlər...

- Lavrovun səfəri nəzərdə tutulmuş səfərdir. Güman etmirəm ki, bizi sınağa çəksinlər. Bizim Rusiya ilə gözəl münasibətlərimiz var. Rusiya bizim böyük qonşumuz olan dövlətdir. Həmişə yaxşı münasibətlərimiz olub və mən inanıram ki, bundan sonra da münasibətlərimiz davam edəcək. O ki qaldı Qərbə, bu münasibətlərin Qərblə münasibətlərə heç bir təsiri yoxdur. Biz Qərbə karbohidrogen ehtiyatlar ixrac edirik. Avropa İttifaqı, Avropa Şurası, NATO ilə bizim gözəl əməkdaşlığımız var. Ona görə də bizim münasibətlərdə bu iki qütbü qarşı-qarşıya qoymağın tərəfdarı deyiləm.

- Seminarda digər ölkələrlə birlikdə Ermənistan tərəfinə münaqişə ilə bağlı xeyli mesajlar verildi. Bunun yaxın günlərdə baş tutması ehtimal olunan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hansısa təsiri ola bilərmi?

- Ermənistan o qədər qeyri-konstruktiv mövqe tutub ki, güman eləmirəm bu tezliklə nəyəsə nail olunsun. Amma bu görüşün özü də bir addımdır. Tərəflər arasında bu cür dialoq nəticə verməlidir. Amma yaxın müddət üçün biz konkret nəticələrdən danışa bilməyəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR