Deputat: “İndiki hökumətin də Urmiya gölünün bərpası istiqamətində heç bir fəaliyyəti yoxdur”

Deputat: “İndiki hökumətin də Urmiya gölünün bərpası istiqamətində heç bir fəaliyyəti yoxdur”
# 10 aprel 2014 12:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran parlamentində Urmiya şəhərini təmsil edən azərbaycanlı deputat hökuməti tənqid edib.

APA-nın “Öyrənci səsi”nə istinadən verdiyi məlumata görə, Nadir Qazipur bildirib ki, Urmiya gölünü sənədləşmə işləri ilə bərpa etmək mümkün deyil: “Hökumətin bu istiqamətdəki fəaliyyətlərini məqbul saymaq olmaz. Təəssüflər olsun ki, indiki hökumətin də Urmiya gölünün bərpası ilə bağlı heç bir fəaliyyəti yoxdur”.

Onun sözlərinə görə, hökumət tərəfindən Urmiya gölünün bərpası ilə bağlı bütün proqramlar təklif olunsa da, ancaq kağız üzərindədir və bu günədək heç bir əməli addım atılmayıb.

N.Qazipur həmçinin deyib ki, Urmiya gölü yalnız deputatlara yox, bütövlükdə xalqa məxsusdur: “Əgər mətbuatın da təklifləri varsa, bizə təqdim edə bilərlər”.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR