Rusiya Dövlət Duması Ukraynada Yuqoslaviya ssenarisinin həyata keçirilməsinə imkan verilməməsinə çağırıb

Rusiya Dövlət Duması Ukraynada Yuqoslaviya ssenarisinin həyata keçirilməsinə imkan verilməməsinə çağırıb
# 19 fevral 2014 12:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Dövlət Duması Ukraynada Yuqoslaviya ssenarisinin həyata keçirilməsinə imkan verilməməsinə çağırır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski bildirib. Onun sözlərinə görə, Rusiya parlamenti qardaş xalqın xahiş edəcəyi təqdirdə, lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib:

“Ukraynada baş verənlər özbaşınalıqdır və bu özbaşınalıq hərbi fəaliyyət baxımından radikallar tərəfindən yaxşı təşkil olunub. Təəssüf ki, Ukrayna müxalifətinin liderləri artıq bütün hadisələrə nəzarət etmirlər. Onların sərhədsiz ambisiyaları və hakimiyyətin güzəşt variantı təklifinə baxmaq istəməmələri növbəti iğtişaşlara səbəb olub”.

L. Slutski Ukraynadakı hadisələrin Qərbin təhriki ilə baş verdiyini söyləyib: “Qərb öz geosiyasi məqsədləri üçün bütöv bir ölkənin və onun vətəndaşlarının taleyinə tüpürüb. Sözdə etirazlar Avropa demokratik dəyərləri nöqteyi-nəzərindən bütün normaları aşıb və ölkəni parçalanma astanasına gətirib çıxarıb. Ukraynada Yuqoslaviya ssenarisinin həyata keçirilməsinə imkan vermək olmaz. Dərhal bütün vasitələrlə qanın tökülməsinin qarşısı alınmalıdır və xarici müdaxiləyə imkan verilməməlidir. Rusiya və biz, Dövlət Dumasının deputatları qardaş xalqa lazım olan yardımı etməyə hazırıq”.

Komitə sədri Olimpiya atəşkəsinin pozulmasına görə təəssüfləndiyini də bildirib. O qeyd edib ki, ukraynalı idmançıların Soçidə keçirilən Qış Olimpiya oyunlarından imtinası təəssüfedicidir. “Onlar da ekstremistlərin fəaliyyətinin girovuna çevriliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR