Beynəlxalq Geodeziya və Geofizika İttifaqının bu ilki büro iclası AMEA-da keçirilir - FOTO

Beynəlxalq Geodeziya və Geofizika İttifaqının bu ilki büro iclası AMEA-da keçirilir - <span style="color: red;">FOTO
# 10 iyun 2014 13:39 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) bu ilki büro iclası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq" adlı iclasın açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edib. Tədbirin əhəmiyyətindən danışan akademik bildirib ki, son zamanlar yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsi böyük əhəmiyyətə malikdir. Sonra BGGİ-nin AMEA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev, BGGİ-nin prezidenti Harş Qupta və BGGİ-nin baş katibi, professor Əli İsmayılzadənin çıxışları dinlənilib, xarici alimlərdən Kanadanın Kalqari Universitetinin professoru Maykl Sideris, Keyp Taun Universitetinin professoru İzabel Ansorge, Tokyo Universitetinin professoru Kenji Satake məruzə ilə çıxış edib.

Məruzələr qlobal geodeziya müşahidə sistemi və onun tətbiq olunması, okeanda mövcud vəziyyətin və risk göstəricilərinin qiymətləndirilməsi, 2011-ci ildə Yaponiyanın şərqində baş vermiş zəlzələ və sunaminin fəsadları istiqamətində aparılan tədqiqatları əhatə edib.

Beynəlxalq təşkilatın 6 assosiasiyasının milli nümayəndələri də tədbirdə iştirak ediblər.

Beynəlxalq Geodeziya Assosiasiyasının milli nümayəndəsi, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Seysmologiya və Yer Təkinin Fizikası Assosiasiyasının milli nümayəndəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, Geomaqnitizm və Aeronomiya Assosiasiyasının üzvü, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Alimlər 2004-2013-cü illər ərzində Azərbaycan ərazisindəki seysmik proseslər, GPS məlumatların nəticələri əsasında yer təkinin gərginliyinin dəyişilməsi, kosmosda baş verən dəyişikliklərin yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsirindən danışıblar.

Dördgünlük iclas iyunun 13-də başa çatacaq. Tədbir iştirakçılarının "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyası planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR