AMB: Banklara «məsuliyyətli borcvermə» prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi tapşırılıb

AMB: Banklara «məsuliyyətli borcvermə» prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi tapşırılıb
# 22 yanvar 2014 14:32 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının bu gün yaydığı rəsmi bəyanatında deyilir.

Bununla əlaqədar bildirilir ki, Mərkəzi Bankın «Banklarda kreditlərin verilməsi Qaydaları»nın tələblərinə əsasən, təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əmək haqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir. Qeyd olunmalıdır ki, təminatsız kreditlər beynəlxalq praktikada da daha ciddi qiymətləndirmə və anderraytinq tələb edən kredit məhsulları hesab edilir. «Bu baxımdan borcalanın gəlirlərinin və beləliklə, borclanma qabiliyyətinin təsdiq edilməsi kredit portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının artırılmasına xidmət edir», - deyə bəyanatda bildirilir.

AMB bank sektorunda maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə banklara «məsuliyyətli borcvermə» prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi sahəsində işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb.

Bundan əlavə, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində də tədbirlər davam etdirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən banklarda istehlakçılara kredit məhsullarının şərtləri ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması üzrə tələblər sərtləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR