İsa Qəmbərin müşaviri: “Əlimdə elə faktlar var, Lalə Şövkət onları təkzib edə bilməz”

İsa Qəmbərin müşaviri: “Əlimdə elə faktlar var, Lalə Şövkət onları təkzib edə bilməz”
# 07 sentyabr 2013 11:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əlimdə elə faktlar var, Lalə Şövkət onları təkzib edə bilməz”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli Azərbaycan Liberal Partiyasının (ALP) lider Lalə Şövkətin Müsavat Mili Şura və Müsavat başqanı İsa Qəmbərin ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Müsavat funksioneri L. Şövkətin bütün ittihamlarını əsassız adlandıraraq qeyd edib ki, İsa Qəmbər heç vaxt Əbülfəz Elçibəyin namizədliyinə qarşı çıxmayıb: “Təsadüfi deyil ki, hələ o vaxt İsa Qəmbər bəyan etmişdi ki, seçici heç vaxt bülletendə həm Əbülfəz Elçibəyin, həm də mənim adımı görməyəcək. Yəni, Elçibəy namizədliyini versəydi, İsa Qəmbər namizədliyini geri götürəcəkdi. Bu, tarixi faktdır və siyasi təcrübəsi olan adamlar Elçibəyin Kələkidən döndükdən sonra verdiyi bəyanatla tanışdır”.

M. Hacıbəyi L. Şövkətin Müsavatın Rüstəm İbrahimbəyovun namizədliyinə qarşı çıxması haqqında ittihamına da münasibət bildirib: “İsa Qəmbər həmişə Rüstəm İbrahimbəyovun namizədliyini prioritet sayıb. Milli Şurada müsavatçılar yekdilliklə Rüstəm İbrahimbəyovun namizədliyinə səs verib və biz bütün dövrdə onun təbliğatını aparmışıq. Müsavat onun namizəd olması üçün əlimizdən gələni edib. Əgər Rüstəm İbrahimbəyov problemlərini həll edib Bakıya qayıda bilsəydi, onda biz indi Cəmil Həsənli üçün çalışdığımız kimi, onun üçün də fəaliyyət göstərərdik. Yəni, bunlar tarixi faktlardır və Lalə Şövkət isə tarixi faktları təhrif edib”.

M. Hacıbəyli Lalə Şövkətlə bağlı təkzibedilməz faktlara malik olduğunu qeyd edib: “Lalə Şövkət Heydər Əliyevə xidmət edib və onun kadrı kimi Azərbaycana gətirilib. Azərbaycanda ona dövlət katibi vəzifəsi verilib. Bu hakimiyyətin qurulmasında Lalə Şövkət həlledici rol oynayıb. Bunları o, təkzib edə bilməz. Onun İsa Qəmbərin ünvanına dediyi ittihamlar isə tam əsassızdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR