® Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərlə görüş-mitinq keçirib

<font color=red>® </font>Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərlə görüş-mitinq keçirib
# 07 oktyabr 2013 14:26 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan mitinqi açıq elan edən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli prezidentliyə namizəd Q.Həsənquliyevin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti barədə məlumat verib.

Daha sonra BAXCP sədri, prezidentliyə namizəd Q.Həsənquliyev çıxış edib. O, BAXCP-nin seçki platforması barədə danışaraq qeyd edib ki, Azərbaycanda müəyyən sahələrdə köklü islahatlar aparılmalıdır: “Azərbaycan hazırda elə bir durumdadır ki, ölkədə müəyyən problemlər var. Bu problemlərdən danışmaq çox asandır. Ölkədə fundamental konstitusion islahatlar aparılmalıdır. Bunlar olmadan heç nəyə nail olmaq olmaz”.

Q.Həsənquliyev səhiyyə, təhsil, hüquq və digər sahələrdə ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb: “Biz təklif edirik ki, səhiyyə sahəsində icbari tibbi sığortaya keçilməlidir. Elə şərait yaradılmalıdır ki, dövlət səhiyyə obyektləri özəlləşdirilsin. Eyni zamanda dövlət universitetləri özəlləşdirilmədən təhsil sahəsində problemləri həll edə bilmərik. Biz bu cəmiyyəti yeni inkişaf yoluna çıxaracağıq. Müstəqil məhkəmə sistemi quracağıq”.

BAXCP sədri bəzi prezidentliyə namizədlərin yalnız vədlər verdiyini, problemlərdən çıxış yollarını göstərmədiklərini qeyd edib: “Bəzi namizədlər teledebatlarda, seçicilərlə görüşlərində yalan vədlər verirlər. Bu cür populist çıxışlarla sizin səsinizi qazanmaq istəyirlər. Hamısı korrupsiyadan danışırlar, amma bunun hansı yolla həllini irəli sürmürlər”.

Q.Həsənquliyev Qarabağ münaqişəsinin həllində BAXCP-nin mövqeyi barədə də danışıb: “Biz Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə danışıqlar aparacağıq. Lazım olsa, bütün şərtlərə, hətta Gömrük İttifaqına üzv olmağa hazır olacağıq. Təki Qarabağ azad olsun. Eyni zamanda orduda ciddi islahatlar aparacağıq. Neft Fondundan gələn gəlirlərin böyük qismini hərbiyə ayırmaq niyyətindəyik”.

Milli Şurada təmsil olunan qüvvələrin hakimiyyətə gəlmək üçün Azərbaycana düşmən olan xarici dövlətlərlə danışıqlara getdiyini deyən Q.Həsənquliyevin sözlərinə görə, Cəmil Həsənli bəzi problemlərin həllinə bolşevik təfəkkürü ilə yanaşır: “Milli Şuranın namizədi Cəmil Həsənli vaxtilə Heydər Əliyevi “ümummilli lider” adlandırırdı. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun lider dövləti olmasını yazırdı. İndi necə oldu ki, o öz fikrini dəyişdi? O, öz platformasında bir dəfə də olsun, Qarabağı azad etmək barədə mövqe bildirməyib”.

Mitinq dövlət himninin səslənməsi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR