Dövlət Komissiyası şagirdlər arasında narkomaniyanın qarşısının alınması üçün görülən tədbirləri açıqlayıb

Dövlət Komissiyası şagirdlər arasında narkomaniyanın qarşısının alınması üçün görülən tədbirləri açıqlayıb
# 19 noyabr 2013 09:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu əhali arasında narkomaniyaya qarşı apardığı maarifləndirmə işi və məktəblərdə şagirdlər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün görülən tədbirləri açıqlayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu 2013-cü ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri əsasında məlumat-təbliğat yönümlü “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası hazırlayıb və kütləvi tirajla yayıb.

Kitabçanın məqsədi ölkə əhalisinin, xüsusən azyaşlıların, yeniyetmə-gənclər və valideynlərin maarifləndirilməsi və anti-narkotik təbliğatın genişləndirilməsindən ibarətdir. Kitabçada əsas diqqət ölkədə qanunsuz dövriyyədə olan və narkomanlar tərəfindən istifadə edilən narkotik vasitələr, psixotrop maddələrin ümumi təsviri, istifadə üsulları, istifadəçilərə təsiri, ağır nəticələri və bu sahədə riskin digər növləri öz əksini tapıb. Eyni zamanda il ərzində respublikanın şəhər və rayonlarında “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktiki konfranslar keçirilib. Konfranslarda narkomaniya ilə mübarizə bəşəriyyəti düşündürən ən vacib problemlərdən biri kimi qiymətləndirilib, gənclərin asudə vaxtlarının təşkillinə ciddi diqqət yetirilməsi zərurəti xüsusi vurğulanıb. Məktəbdənkənar müəssisələrə uşaq və gənclərin daha çox cəlb olunması, xüsusilə idman məktəblərində müxtəlif bölmələrin sayının artırılması, sağlam həyat tərzinin təbliğinə və digər zərərli vərdişlərdən xilas olmaq üçün müxtəlif elmi-kütləvi tədbirlərdə təhsil ictimaiyyətinin yaxından iştirakı prioritet istiqamət olaraq qəbul edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı neqativ tendensiyaların, dinamika və strukturunda olan təhlükəli meyllərin müəyyən edilməsi məqsədilə ölkəmizdə narkomanlıqla mübarizə siyasətinin təhlili onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. İşçi Qrupu bəyan edib ki, dövlət siyasəti narkotik vasitə və onların prekursorlarının qanunsuz dövriyyəsinin aşkara çıxarılması, dayandırılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlmiş və dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” dövlət başçısı İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 saylı sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər geniş miqyaslı məsələlərdən ibarətdir. Sənəddə nəzərdə tutulan tədbirlərin kompleks şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR