Orxan Zeynalovun məhkəməsində cinayət işinin əsas şahidi Kseniya Popova ifadə verib

Orxan Zeynalovun məhkəməsində cinayət işinin əsas şahidi Kseniya Popova ifadə verib
# 01 iyul 2014 15:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə qətlin yeganə şahidi Kseniya Popova ifadə verib. O, Orxan Zeynalovla Yeqor Şerbakovun arasında nə üstündə mübahisə düşməsi ilə bağlıs uala aydınlıq gətirə bilməyib. Belə ki, Kseniya Popovanın ifadəsində bəzi ziddiyyətli məqamlar olub. Hakim dövlət ittihamçısından Kseniya Popovanın ibtidai istintaqa verdiyi ifadəni səsləndirməyi xahiş edib.

Dövlət ittihamçıları da Kseniya Popovanın ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə səsləndirdiyi fikirlər arasında ziddiyyətlərin olduğunu etiraf ediblər.

Prokuror Kseniya Popovanın məhkəmədə tamamilə başqa cür ifadə verdiyini bildirib.

Ona yenidən mübahisənin nə üstündü düşdüyü barədə sual verilib. K. Popova isə bu barədə danışmaq istəməyib. O, hadisəni ətraflı xatırlaya bilmədiyini söyləyib: "Hadisənin üstündən nə qədər keçib, ətraflı yadımda deyil".

Kseniya Popova Yeqor Şerbakovun hadisə baş verən vaxt küçədə yüksək səslə intim mövzuda danışdığını etiraf edib.

Daha sonra prosesdə digər şahidlər, Kseniya Popovanın anası, qonşuları ifadə veriblər.

Proses sabah digər şahidlərin ifadələri ilə davam etdiriləcək.

Orxan Zeynalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Orxan Zeynalovun vəkili Viktor Anikuşkin APA-nın Moskva müxbirinə açıqlamasında Kseniya Popovanın hadisənin nə səbəbdən törədildiyi barədə danışmamasını şərh edərkən bildirib ki, qadın hansısa səbəbdən bu barədə danışmaq istəmir: "Lakin Orxan Zeynalov istintaqa ifadəsində bu barədə danışıb. Münaqişəyə səbəb Yeqor Şerbakov olub. Hadisə baş verən vaxt Yeqor Şerbakov küçədə Kseniya Popova ilə yüksək səslə intim mövzu barədə danışırmış. Bu zaman yoldan keçən Orxan onlara irad tutub. Mübahisə də bunun üstündə düşüb".

Vəkil Orxan Zeynalovun dünənki prosesdə cinayəti törətmədiyini, hadisə baş verən vaxt Kolomna şəhərində olması ilə bağlı dediklərini də şərh edib: "Düşünürəm ki, Orxan Zeynalov dünənki prosesdə bu ifadələri cinayət işinə etiraz olaraq səsləndirib. Çünki cinayət işinin istintaqı düzgün aparılmayıb. Orxan Zeynalov həbs olunan zaman ona qarşı hüquq pozuntusuna yol verilib. Orxanın atıq istintaqa inamı qalmayıb. Ona görə də, o, dünənki prosesdə cinayəti törətmədiyini, hadisə baş verən gün Moskvada olmadığını söylədi".

İttiham aktına əsasən, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində O. Zeynalov Y. Şerbakova 20-yə yaxın yumruqla zərbə endirib. Daha sonra o, üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR