Azərbaycanda 5 626 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılıb

Azərbaycanda 5 626 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılıb
# 06 sentyabr 2013 14:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədi ilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi altında Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib.

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının veb-saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə respublikanın 20 rayonunun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib: “Seçilən torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və sair vacib amillər nəzərə alınıb. Aparılmış tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən cəmi 203 129,0 ha, o cümlədən dövlət fondu qış otlaqlarından 127 609,0 ha, dövlət ehtiyat fondundan 58 186,0 ha, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4 500,0 hektar və bələdiyyə mülkiyyətinə aid torpaqlardan isə 12 834,0 hektar torpaq sahələri seçilib”.

Komitə sədri bildirib ki, birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hazırda mövcud olan 57,0 min ha ərazilərdə çöl-tədqiqat işləri başa çatdırılıb, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanmış xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub: “İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazilərdə irimiqyaslı tədqiqatı və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur”.

Qərib Məmmədov vurğulayıb ki, Nazirlər Kabinetinin taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən Ağcabədi rayonunda 3300,0 hektar, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilib: “Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü ilin məhsulu üçün payızlıq buğda səpilib və bu sahələrin hər hektarından 50 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilib. Nazirlər Kabineti Hacıqabul, Füzuli və Ağcabədi rayonlarında 5625,6 ha torpaq sahələri iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılıb. Hazırda bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl əkini nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR