Zəncanda növbəti etiraz aksiyası keçirilib

Zəncanda növbəti etiraz aksiyası keçirilib
# 28 avqust 2013 15:32 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın Zəncan şəhərində növbəti etiraz aksiyası keçirilib.

APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, budəfəki piket yerli əhalinin kütləvi etirazı nəticəsində avqustun 12-də fəaliyyəti dayandırılmış Zəncanın Sink və Qurğuşun Milli Şirkətinin işçiləri tərəfindən təşkil edilib.

Avqustun 27-də Zəncan vilayət valililiyinin binası qarşısında keçirilmiş aksiyada hər iki zavodun 400-ə yaxın işçisi və onların ailə üzvləri iştirak ediblər. İşçilər müəssisənin fəaliyyəti dayandırıldıqdan sonra ikinci dəfədir belə bir aksiya keçirirlər. Onlar avqustun 21-də də valililiyin binası qarşısında piket keçiriblər.

Çünki səlahiyyətli şəxslər onlara zavodların Zəncan şəhərindən köçürüləcəyi və yenidən öz iş yerlərinə qayıdacaqları barədə vəd versələr də, ancaq bir aya yaxındır işsiz qalıblar. Hətta müəssisələrin köçürülməsi işlərinin aparılmasıyla bağlı da heç bir xəbər yoxdur. İşçilər yeganə gəlir mənbələrinin həmin zavodlar olduğunu və hər birisinin 4-5 nəfərlik ailə üzvünün olduğunu bildiriblər. Onlar və ailələri bu cür qeyri-müəyyən vəziyyətin davam etməsindən çox narahatdırlar.

Qeyd edək ki, avqustun 11-də və 15-də Zəncanda minlərlə insanın iştirakı ilə şəhərdə fəaliyyət göstərən iki müəssisənin - Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələbi ilə iki dəfə etiraz aksiyası keçirilib. İlk piket dinc şəraitdə baş tutsa da, ancaq növbəti aksiyaya İran polisi müdaxilə edib. Nəticədə tərəflər arasında baş vermiş toqquşma zamanı onlarla adam həbs olunub. Yerli camaat hər iki zavodun ətraf-mühitə xeyli ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR