Yuri Syomin: “Azərbaycana gedəndə hamı məni qınayırdı”

Yuri Syomin: “Azərbaycana gedəndə hamı məni qınayırdı”
# 29 aprel 2015 06:39 (UTC +04:00)

Bakı – APA. “Məşqçilik karyeramda ən böyük fasilə Kiyev “Dinamo”sundan ayrılandan sonra olub. Səhv etmirəmsə, 4-5 ay işsiz qalmışdım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

Hazırda “Mordoviya” klubunu çalışdıran təcrübəli mütəxəssis Rusiya mətbuatına geniş müsahibə verib. Azərbaycanda çalışdığı dövrü də yada salan Syomin maraqlı fikirlər səsləndirib.

O bildirib ki, 2 il öncə Azərbaycandan gələn təklifi qəbul etməsi heç də birmənalı qarşılanmayıb. Bununla belə, Syomin “Qəbələ”dəki fəaliyyətinin faydalı olduğunu düşünür: “İşsiz qalanda əsəbləşmirdim. Vəziyyəti çox sakit qəbul edirdim. Düzdü, dincəlmək üçün 3 ay bəs etdi. Amma sonra darıxmağa başladım. Təsəvvür edirsiz, səhər yuxudan oyanırsan və heç bir iş görmədən, günü evdə keçirirsən. İşləmək istəyirdim. Həmin vaxt mənə təklif gəldi və qəbul etdim. Hamı məni qınayırdı ki, niyə ən yaxşı çempionatlardan birinə yox, Azərbaycan Premyer Liqasına getdim. Ancaq mən deyilənlərə məhəl qoymurdum. Çünki mənim üçün Azərbaycanda işləmək maraqlı idi. Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Andrey Şevçenko və ya ondan qat-qat aşağı səviyyəli futbolçu ilə işləmək, əslində, eyni şeydi. Gördüm ki, istədiyim alındı, Azərbaycandakı fəaliyyətim heç də pis olmadı. Məşqçi ulduz futbolçularla necə çalışırsa, aşağı səviyyəli oyunçularla da elə işləməlidi. Futbol eynidi, onu bölmək olmaz”.

Qeyd edək ki, məşqçilik karyerası ərzində daha çox Moskva “Lokomotiv”indəki fəaliyyəti ilə yadda qalan Syomin 2013-2014 mövsümündə “Qəbələ”ni çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR