“Schlumberger” şirkətinin nümayəndələri BANM rektoru ilə görüşüb

“Schlumberger” şirkətinin nümayəndələri BANM rektoru ilə görüşüb
# 29 iyul 2016 09:41 (UTC +04:00)

Bakı-APA. BANM və “Schlumberger” şirkəti arasında səmərəli əməkdaşlıq davam edir. Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə davam etdirilməkdədir.

Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu şirkətin Rusiya və Xəzər regionunda Universitetlərlə əlaqələr üzrə meneceri Andrey Gerdyuş BANM-də rektor Elmar Qasımovla keçirilən görüşdə deyib.

A.Gerdyuş 2014-cü ildə yaradılan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək bu əməkdaşlıqdan şirkət rəhbərliyinin olduqca məmnun olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin “Schlumberger” şirkətinin Xəzər regionunda işəgötürmə üzrə meneceri Asset İskakov da iştirak edib. A.İskakov artıq BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçirildiyini və onlar üçün gələcəkdə şirkətdə gözəl karyera imkanlarının olduğunu bildirib.

Qonaqları BANM-də görməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə mühəndis kadrların hazırlığı prosesinə şirkətin verdiyi töhfələrə görə təşəkkür edib.

O, Ali Məktəbin yeni kampusunda gedən tikinti-tamamlama işləri barədə qonağa məlumat verib.

Qeyd olunub ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində hər il şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələri üçün müxtəlif mövzular üzrə təqdimatlar keçirilir və tələbələr şirkətin strukturlarında yay istehsalat təcrübəsi keçir. Eyni zamanda, “Schlumberger” tərəfindən BANM-in mütəxəssisləri üçün neft-qaz və avtomatika sahəsində geniş tətbiq olunan bir sıra proqram təminatları ilə bağlı təlimlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR