Rusiyanın sabiq müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürülüb

Rusiyanın sabiq müdafiə nazirinə qarşı yeni ittihamlar irəli sürülüb
# 10 mart 2015 13:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Müdafiə Nazirliyində korrupsiya qalmaqalının əsas “qəhrəman”ı olan nazirliyin Əmlak münasibətləri departamentinin keçmiş rəhbəri Yevgeniya Vasilyeva məhkəmədə nazirliyin balansında olan obyektlərin satılmasına görə məsuliyyəti keçmiş nazir Anatoli Serdyukovun üzərinə qoyub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün paytaxtın Presnenskiy Məhkəməsində "Oboronservis" işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə külli miqdarda yeyinti və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan keçmiş departament rəhbəri Y. Vasilyeva ifadə verib. O ifadəsində bildirib ki, nazir Serdyukov mühasibat sənədlərinədək bütün maliyyə məsələlərindən məlumatlı olub.

Y. Vasilyevanın sözlərinə görə, Serdyukov maliyyəçi kimi effektiv idarəçilik olmadan müəssisələrin iflasın bir addımlığında olduğunu başa düşüb: "Onları bağlamaq, obyektləri isə icarəyə vermək və ya satmaq sərfəli idi. Bu və ya digər obyektin satılması haqqında qərarı mən verməmişəm. Belə addımların qəbul edilməsinin vacibliyini iclaslarda eşitmişəm".

Y. Vasilyeva Müdafiə Nazirliyinə işə düzələnədək nazirliyin tərkibində olan idarələrin deqradasiya vəziyyətində olduğunu bildirib: "Ölkənin müdafiəsi və təhlükəsizliyinin təminatı istiqamətində tapşırıqların yerinə yetirilməməsi təhlükəsi var idi. "Oboronservis"in yaradılması həmin idarələrdə sabitlik dövrünün başlanğıcı oldu".

Qeyd edək ki, 2012-ci ilin noyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan ”Oboronservis” təşkilatında baş verən korrupsiya faktı ilə əlaqədar cinayət işi açılıb. Korrupsiya qalmaqalından sonra Rusiya prezidenti A. Serdyukovu istefaya göndərib. Rusiya Təhqiqat Komitəsinin yaydığı məlumatda Müdafiə Nazirliyi əməkdaşlarının dövlətə 100 milyon dollar ziyan vurduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR