Bakı – APA. “Komandanın və futbolçuların səviyyəsi, onların ustalığı... Onlar belə oyun nümayiş etdirməməlidirlər. Xüsusilə, gənclər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko deyib.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Rusiya oyunu haqda fikirlərini açıqlayan Mutko 0:3 hesabı ilə uduzan həmyerlilərinin oyunundan narazı qalıb: “Araşdırmaq lazımdı. Bu komandaya görə bir az xəcalət çəkdim. Oyunçularımız elə bil ki, çalışırdılar. Amma 3 hücum və 3 qol. Onlar istəklə alışıb-yanmırdılar”.
Mutkonun fikrincə, gənclər başqa səviyyədə oynamalıdılar: “Gənclər yığmasının final mərhələsinə yüksəlmək şansı var idi. Bundan istifadə etməli idilər. Azərbaycana qalib gəlməli idik. Almaniya ilə isə iki oyunumuz hələ irəlidədi. Əksər futbolçular klubunda əsas heyətdə də oynayır. Adlarına görə, yaxşı komandadı, amma.... Yığmada potensial var. Amma ürəksiz oynadılar. Bu gənclər nəyisə sübut etmək üçün böyüklər kimi oynamalıdı. Amma onlar ikiqat olublar. Üç hücum, üç qol. Hərçənd orda penalti yox idi. Lakin bu mənasızdı”.