Bank Of Baku

“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib

Boris Pistorius,  Almaniyanın müdafiə naziri

© APA | Boris Pistorius, Almaniyanın müdafiə naziri

# 29 noyabr 2026 16:46 (UTC +04:00)

Berlin Kiyevə xəbərdarlıq edib ki, Ukrayna Rusiya ərazi sularından kənarda Rusiya hərbi gəmilərinə və “kölgə donanması”na aid gəmilərə zərbələr endirməyə davam edərsə, Almaniyanın hərbi yardımından məhrum ola bilər.

Bu barədə “Der Spiegel” nəşri öz mənbələrinə istinadən yazıb.

Almaniya hökuməti Ukraynanın Baltik dənizində Rusiya gəmilərinə hücumlarının digər dövlətləri də münaqişəyə cəlb edə biləcəyindən ehtiyatlanır.

Nəşr Almaniyanın təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən yazıb ki, döyüş əməliyyatları zonasının Baltik dənizinə genişləndirilməsi müharibənin eskalasiyası baxımından gözlənilməz risklər yaradır.

Son həftələr ərzində Berlin müxtəlif səviyyələrdə Ukrayna tərəfini təmkinli olmağa çağırıb. Xüsusilə noyabrın 23-də Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Yevgeni Xmara ilə qapalı görüşü zamanı Rusiya hədəflərinə Baltik dənizində hücumların yalnız ciddi eskalasiya riski yaratmadığını, həm də Almaniyanın Kiyevə hərbi yardımına dəstəyi zəiflədə biləcəyini izah edib.

Görüşdən sonra mətbuat üçün açıqlamasında Boris Pistorius daha ehtiyatlı ifadələr işlədib. O, Ukraynanın özünümüdafiə hüququnu və Rusiya ərazisinə zərbələr endirmək hüququnu tanıdığını bildirib. Bununla yanaşı, qeyd edib ki, Kiyevin müharibənin “Baltik dənizinə yayılmamasını” təmin etmək üçün də “xüsusi məsuliyyəti” var. Almaniyanın kansleri Fridrix Merts və xarici işlər naziri İohann Vadeful da həmin gün oxşar mövqedən çıxış ediblər.

Berlinin xüsusi narahatlığı Baltik dənizinin Rusiya üçün strateji əhəmiyyəti ilə bağlıdır. Rusiya neftinin ixracının əhəmiyyətli hissəsi, eləcə də ölkənin hərbi-dəniz qüvvələrinin mühüm marşrutları bu dənizdən keçir. Bundan başqa, münaqişənin kəskinləşməsi regionda beynəlxalq ticarət gəmiçiliyini təhlükə altına sala bilər. Sığorta tariflərinin artması daşımaları iqtisadi baxımdan sərfəsiz edə bilər.

Nəşrin yazdığına görə, Berlində Rusiyanın Ukraynanın hücumlarına cavab olaraq NATO-nu Kiyevə yardım etməkdə ittiham edəcəyi və Alyansın gəmilərinə zərbələr endirə biləcəyi ssenarisindən ehtiyatlanırlar. Bu isə daha genişmiqyaslı beynəlxalq qarşıdurma riskini yarada bilər.

Bu arada Rusiya korvetinin Liviya sahillərində vurulması Ukrayna ilə İtaliya arasında diplomatik böhrana səbəb olub. İtaliyanın Baş naziri Corcia Meloni bu hücumdan qəzəblənib. O, Ukraynanın Liviyanın Benqazi limanı yaxınlığında Rusiya gəmilərinə hücum barədə müttəfiqləri əvvəlcədən məlumatlandırmamasından narazılığını bildirib. Meloni Volodimir Zelenski ilə söhbəti zamanı bu cür əməliyyatlarla bağlı daha şəffaf olmağı tələb edib.

O, belə addımların İtaliya daxilində Ukraynaya dəstəyin çətinləşməsinə və Şimali Afrikadakı İtaliya maraqları üçün risklərin yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

KİV-in məlumatına görə, Zelenski şəxsi söhbət zamanı üzr istəyib və gələcəkdə İtaliyanın bu cür əməliyyatlar barədə əvvəlcədən məlumatlandırılacağına söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR