Bu il aksiz markasız alkoqollu içki satan 6 vergi ödəyicisi barədə cinayət işi qaldırılıb

Bu il aksiz markasız alkoqollu içki satan 6 vergi ödəyicisi barədə cinayət işi qaldırılıb
# 15 aprel 2015 12:24 (UTC +04:00)

Bakı - APA-Economics. Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı ilə məşğul olan şirkəti məsuliyyətə cəlb edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qurum yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.

Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86 419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər (“Mont blanc” - 0.5l və 0.7l, “Ruska” - 0.5l və 0.7l, “Zernovoy sklad” - 0.25l, 0.5l və 0.7l, “Melnik” - 0.25l, 0.5l və 0.7l, “Bakinskiy Standart” - 0.25l, “Bakinskaya marka” - 0.25l, “Qosudar” - 0.5l və s.) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.

2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilmiş və hər bir fakt üzrə cinayət işi başlanılıb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR