Bakıda toplaşan Nobel mükafatçıları dünyanın üzləşdiyi problemlər və çıxış yolları barədə danışıblar

Bakıda toplaşan Nobel mükafatçıları dünyanın üzləşdiyi problemlər və çıxış yolları barədə danışıblar
# 02 oktyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akahemiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə panel keçirilib.

APA - nın məlumata görə, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin Neher çıxışı zamanı deyib ki, beyinlə bağlı olan bir çox xəstəliklərin müalicəsi mümkündür.

E. Neher bildirib ki, insan beynində siqnallar bir hüceyrədən digərinə ötürülür. Onun sözlərinə görə, bu gün aparılan tədqiqatlar insanların ömrünün və sağlam həyat tərzi yaşamasında mühüm rol oynayacaq.

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus isə 20 il əvvvəl dünyanın əsas diqqətini bir molekulun araşdırılmasına yönəldiyini xatırladıb: “Bu gün iqtisadi depressiyalar, epidemiyalar yaranır. Ortaya ziddiyyət çıxır. Bəlkə bir yeni texnologiyaların tətbiqi, Günəş enerjisindən istifadə ilə bağlı yeni texnologiyalar təqdim edə bilərik. Biz dünyanın problemlərini anlamasaq, onların həllinə nail ola bilmərik”.

Öz növbəsində kimya üzrə Nobel mükafatı laureatı Keri Benks Mullis bəzi problemlərin insanın mahiyyətinə xas olduğunu və yüz illərdir ki, həllini tapmadığını vurğulayıb: “Bu problemlərin səbəbini anlayırıq. Ancaq dairə getdikcə genişlənir, nəsillər dəyişir, nifrət itmir. Qətllər, zorakılıq baş verirsə, biz o insanlara ikrahla baxırıq. Ancaq onlar hansı səbəbdən bu vəziyyətə düşüblər, niyə insanlara nifrət edirlər? Bizdə bu gün bir-birimizə hörmətlə yanaşmaq prinsipi mövcud deyil. İnsan kimi bu keyfiyyətə malik ola bilərik. İnsan elə məxluqdur ki, müxtəlif şəraitdə müxtəlif cür ola bilər. Ona görə də şəraiti müsbət mənada dəyişməliyik”.

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel isə bu gün infeksiya xarakterli xəstəliklərin yayıldığını xatırladıb: “Bu gün qarşımıza məqsəd qoysaq, qələbə çalmalıyıq. Ancaq söyləmək yetmir, biz insan biologiyasını anlamalıyıq. Son 20 ildə yeni nəsil yaratmışıq. Peyvəndlər, vaksinlər özləri də dəyişib. 20-30 yaşından sonra baş verən bədxassəli şiş və digər xəstəliklər biologiya ilə bağlı deyil. Çünki onların insan nəslinin qorunub saxlanılmasına təsiri yoxdur. Biz əla keyfiyyətli ibtidai təhsili təmin etməli, gənc müəllimlər və əsl təhsil mühiti formalaşdırmalıyıq. Bu, bütövlükdə Yer kürəsində insan həyatının qorunması üçün vacibdir”.

Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin isə İnternet və telefon barədə danışıb. O qeyd edib ki, televizor və radio yaranması ilə dünya dəyişib: “İndi isə kompüterlər insanlar əvəzinə qərar qəbul etmək imkanına malikdir. Yəni kompüter insandan min dəfələrlə sürətlə hesablamalar aparır. Proseslər sürətlənib. Hətta mağazada hansı məhsulun harada olmasını da kompüterdən öyrənirik. İnqilab başa çatıb, qərarların qəbul edilməsi o qədər sürətlə gedir ki, uşaqlarımız valideynlərdən xeyli irəlidədir. Bunu da bizə fizika verib. Kompüterin səhv etmək ehtimalı da sıfıra bərabərdir. Biz elə şeylərdən xəbərdarıq ki, əvvəlki nəsillər bu barədə bilmirdilər. Texnologiyanın sonu yoxdur”.

Enerji texnologiyalarından söz açan Robert Betts Laflin hələ də 19-cu əsrdəki kimi enerjinin neft-qaz kimi yanacaqdan almağa davam etdiyimizi xatırladıb. O, bir çox ölkələrin internetə qoşulduğunu söyləyib: “Çünki İnternet informasiya mübadiləsi, əyləncə funksiyasını yerinə yetirir. Bəzi ölkələr interneti özləri üçün həssas məsələ sayır, anonimliyi aradan qaldırdığını bildirir. Mən bir alim kimi hesab edirəm ki, sürətin bu dərəcədə artması artıq bir inqilab deyil, sürətlə irəli getməkdir”.

Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix bildirib ki, araşdırmalar daim davam edəcək: “Bu gün dünyada proses adi araşdırmadan çoxtərəfli araşdırmalara doğru gedir. Proqnozlar söyləmək çətindir. Hələ də 1946-cı ildə kəşf edilən maqnit rezonansının effekti biznes fəaliyyətinə çevrilib. Bu gün hər bir xəstəxana xəstəliklərin diaqnozunun qoyulmasında maqnit rezonansından istifadə etməyə çalışır. Bəs necə oldu ki, maqnit rezonansı indi tibb sahəsində geniş istifadə edilməyə başlandı? Çünki bu üsulun əvvəllər hansı imkanları yaradacağını bilmirdik”.

İqtisadiyyat üzrə Nobel mükafatı laureat Fin Kidland bir çox ölkələrin iqtisadi böhranın təsirinin qurtulmağa başladığını söyləyib: “Bəs böhran bitibsə, iqtisadiyyatın bərpası niyə sürətlə getmir? Bu, gələcək fiksal siyasətlə bağlıdır və bu gün istehlak gözlənildiyindən çox aşağı düşdü. İkincisi, Avrozonada problemlər Yunanıstanla başladı. İtaliya, İspaniya, Portuqaliya və İrlandliyada da bu problem gözlənilir. Bu üç ölkədə problem Avropa Birliyinə üzvlüklə bağlıdır. İtaliya, İspaniya və Portuqaliyada 1990-cı ildəki pik artım aşağı düşdü. Çünki dövlətlər davamlı iqtisadi artımla yaşaya bilməzlər, istehlak məsələsi var. İrlandiya isə eksprementdən uzaq oldu. 1990-xı ildə bu ölkənin vergi siyasəti dumanlı idi. Avropa Birliyi vergi ilə bağlı məsləhət verdi, nəticədə bu ölkənin bankları çox ağır duruma düşdü. Gələcək üçün konkret siyasətimiz olmalıdır, 2008-ci il böhranı bizə dərs verdi. Hökumətlər proqnozlarında obyektiv olmalıdır”.

Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross problemlərin cəmiyyətin təbiətdən qaynaqlandığını diqqətə çatdırıb: “Düzgün, sağlam rəqabət olmalı, bir cəmiyyət digərindən yaxşı nümunələr götürməlidir. Eynşteyn nüvə silahının təhlükəsi barədə danışanda deyirdi ki, bəşəriyyət bu təhlükədən qorxmalıdır. Son nəticədə daha qorxulu problemlərin olduğu üzə çıxdı. Məsələn, bu gün bəşəriyyətə təhlükə yaradan iqlim dəyişikliyi davam edir. Ona görə də xalqlar öz səylərini birləşdirməlidir, dünya hökuməti qaçılmazdır, münaqişələri bomba ilə həll etməməliyik. Min il sonra bizi nə gözlədiyini bilməliyik. Biz son illər millətçiliyin, dini fanatikliyin, zorakılığın baş qaldırılmasının şahidi olduq. Biz elmdə çətin və mümkün olmayan xəyalı, arzunu reallığa çevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik”.

Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş isə Azərbaycanda humanitar dəyərlərə böyük dəyər verilməsini məmnuniyyətlə qeyd edib: “Azərbaycanda qara qızılın insan qızılına çevrilməsinin mühüm istiqamət kimi götürülməsi sevindiricidir. Bu, çox mühüm seçimdir. Gələcəyimizə qoyulan sərmayə ən yaxşı sərmayədir”.

Sonra fizika üzrə Nobel mükafatı laureat Corc Ficerald Smutt, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymond, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian Züdhof və kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel çıxış edib. Onlar dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliyi, iqtisadi böhranlar, münaqişələr və digər problemlər və onlardan çıxış yolları barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR