“Azəryolservis”: Sürücülər yeni təmir olunmuş küçələrdən parkinq üçün istifadə edirlər

“Azəryolservis”: Sürücülər yeni təmir olunmuş küçələrdən parkinq üçün istifadə edirlər
# 04 aprel 2015 14:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Çox təəssüf ki, sürücülər bir neçə gün öncə yeni təmirdən çıxmış Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli və Nizami küçələrindən parkinq üçün istifadə edirlər”.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P. Mürsəliyevin sözlərinə görə, qeyd olunan küçələrdə yolun nəinki birinci zolağı, hətta ikinci zolağı da parkinq nəticəsində tutulub.

“Biz həmin küçələri park edilməsi üçün təmir etmədik. Təmir etdik ki, nəqliyyat vasitələrinin maneəsiz hərəkəti asanlaşsın. Bakıda elə küçələr var ki, orada yollar genişləndirilir, lakin təmirdən sonra nəqliyyat vasitələrinin yolun birinci və ikinci zolağında park edilməsi həmin küçələrdə hərəkət sıxlığına səbəb olur. Bəzi küçələrdə vəziyyət o həddə çatıb ki, orada avtomobillərin park edilməsi ucbatından təmir işlərini həyata keçirə bilmirik. Nizami küçəsində təmir işləri başa çatsa da, nəqliyyat vasitələrinin qeyd etdiyimiz formada park edilməsi bizə həmin küçədə üfüqi nişanlanmanı həyata keçirməyə imkan vermir”, - deyə P. Mürsəliyev bildirib.

Qeyd edək ki, yeni təmir olunmuş küçələrdə yolun bir zolağında daim park edilməsi, digər zolağından isə mütəmadi istifadə olunması həmin yolun tezliklə sıradan çıxmasına səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR