Yaxın zamanlarda ATU-nun Cərrahiyyə Klinikası istifadəyə veriləcək

Yaxın zamanlarda ATU-nun Cərrahiyyə Klinikası istifadəyə veriləcək
# 03 may 2013 07:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstəxanadaxili infeksiya çox böyük problemlərdən biridir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb sahəsi üzrə hər bir uğurlu əməliyyatın nəticəsi xəstəxana infeksiyalarından asılı olur: “Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da bu istiqamətdə məqsədyönlü işlər görülür. Bütövlükdə gələcəkdə xəstəxana daxili infeksiyanın qarşısını almasaq, cərrahiyyə, tibb sahəsində böyük uğurlardan danışa bilmərik. Bundan əlavə, antibiotiklərə rezistentlik bu gün təbabətin ən vacib problemlərindən biridir. Səhiyyədə antibiotiklərdən istifadə etməyərək xeyirdən çox ziyan veririk. Bu məsələlərin hər biri son dərəcə elmi və praktik əhəmiyyət kəsb edən problemlərdir”.

ATU-nun rektoru qeyd edib ki, universitetin müxtəlif sahələri üzrə yeni klinikaları yaradılıb: “Artıq tibb universitetinin 3 klinikası vətəndaşların ixtiyarına verilib. Yeni yaradılacaq ATU-nun Cərrahiyyə Klinikası da bitmək üzrədir. Yaxın zamanlarda yeni klinikanın açılışı olacaq və vətəndaşların istifadəsinə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR