Bakı Ali Neft Məktəbi 3 istiqamət üzrə ISO beynəlxalq sertifikatına sahib olub - FOTO

Bakı Ali Neft Məktəbi 3 istiqamət üzrə ISO beynəlxalq sertifikatına sahib olub - <span style="color: red;">FOTO
# 16 aprel 2015 07:50 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq, ISO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” beynəlxalq sertifikatlara sahib olub.

BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sertifikatların təqdimetmə mərasimində SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun Baş katibinin müavini Coşqun Şəntürk, Azərbaycan Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib.

Xalik Məmmədov Ali Məktəbdə aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun savadlı və yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.

İsmayıl Alper Coşqun BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Türk Standartları İnstitutunun (TSİ) Baş katibinin müavini Coşqun Şəntürk BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurum tərəfindən BANM-ə beynəlxalq sertifikatların verilməsinə görə fəxr hissi keçirdiyini bildirib.

Yaqub Piriyev Təhsil Naziri Mikayıl Cabbarovun salamlarını tədbir iştirakçılarına çatdırıb. O, çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində BANM-in öncüllərdən biri olduğunu vurğulayıb, bildirib ki, bu standartlara sahib olmaq gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq.

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib olub. Bu sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək.

Xatırladaq ki, 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların Bakı Ali Neft Məktəbində tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq, BANM-in bütün struktur bölmələri, şöbələri, mərkəzləri, kitabxana və laboratoriyaları, o cümlədən kafedraları üzrə keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin sənədlərinin yoxlanışı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR