Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
# 08 aprel 2015 15:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə hər iki tərəfdən əczaçılıq sahəsində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib.

Tədbirdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. R. Məmmədov Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edərək rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Rusiyanın sənaye və ticarət nazirinin müavini Sergey Tsıb Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edib. S. Tsıb digər sahələrlə yanaşı əczaçılıq sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyəti, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə təqdimatla çıxış edib. Görüşdə, hər iki ölkəni təmsil edən iş adamları öz fəaliyyətləri barədə məlumat verib, şirkətlər arasında əczaçılıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonra S. Tsıb İqtisadiyyat və Sənaye Nazirliyində olub, nazir müavini Niyazi Səfərovla görüşüb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR