Bakı – APA. Rusiya milli komandasının sabiq futbolçusu Pavel Poqrebnyak xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun 32 yaşlı hücumçusu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Noyabrın 3-də səhər saxlanılan futbolçunun orqanizmində 0,44 promille alkoqol aşkarlanıb. Moskva polisi futbolçunun sənədlərini məhkəməyə verməyə hazırlayır. Poqrebnyakı sürücülük hüququndan 1,5 illik məhrum edilməklə yanaşı, böyük pul cəriməsi gözləyir.
Qeyd edək ki, bu ilin avqustunda İngiltərənin “Ridinq” klubundan “Dinamo”ya keçən hücumçu 2006-12-ci illərdə Rusiya millisində 33 oyuna 8 qol vurub. O, 2009-cu il martın 28-də Azərbaycan yığması ilə Moskvadakı matçda (2:0) da iştirak edib. Pavel “Zenit”in heyətində Rusiya çempionu (2007) və UEFA kubokunun (2007/08) qalibidi.