Gürcüstanlı nazir müavini: “Azərbaycan tərəfi ilə birlikdə təhsilə aid məsələlərin həllinə çalışacağıq”

Gürcüstanlı nazir müavini: “Azərbaycan tərəfi ilə birlikdə təhsilə aid məsələlərin həllinə çalışacağıq”
# 12 mart 2015 12:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstan məktəblərində çalışan bütün müəllimlər təkmilləşmə kursu keçəcəklər. Bu, milli azlıqların nümayəndələrinə də aiddir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan təhsil və elm nazirinin I müavini Georgi Şarvaşidze deyib. Onun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən bütün məktəblərdə, o cümlədən Azərbaycan dilli təhsil ocaqlarında problemlər tədricən həll olunacaq.

"Yaxın aylarda Azərbaycan təhsil nazirinin Gürcüstana səfəri gözlənilir. Biz səfərlə bağlı həmkarlarımızla danışıqlar aparırıq, gündəlik məsələləri razılaşdırırıq, nazirin səfərinin vaxtını dəqiqləşdiririk. Səfərin vaxtı dəqiqləşən kimi mətbuata açıqlama verəcəyik", - deyə nazir müavini bildirib.

G. Şarvaşidze Azərbaycan təhsil nazirinin Gürcüstana səfəri çərçivəsində Azərbaycan dilli məktəblərin problemləri və dərsliklərlə bağlı vəziyyətin də müzakirə olunacağını bildirib: "Bütün məsələlər operativ şəkildə həll olunacaq. Bizim nazirliklə Azərbaycan Təhsil Nazirliyi arasında çox yaxşı münasibət qurulub və biz bütün məsələləri birlikdə öyrənib həllinə çalışacağıq. Bu sahədə bizdə heç bir çətinlik yoxdur".

Nazir müavini Azərbaycan təhsil nazirinin Gürcüstana səfərindən sonra onun gürcüstanlı həmkarının Bakıya səfərinin olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR