Ekspertlər: “Roma Papası ilk növbədə Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb etməli idi” - RƏY

Ekspertlər: “Roma Papası ilk növbədə Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb etməli idi” - <span style="color: red;">RƏY
# 04 dekabr 2014 14:12 (UTC +04:00)

Ekspertlər Roma Papasının bu çağırışının humanizm prinsipindən daha çox xristian həmrəyliyinin ifadəsi kimi dəyərləndiriblər. APA-nın rəyini öyrəndiyi siyasətçilər də Papanın açıqlamasını təsadüfi hesab etməyiblər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA-ya deyib ki, bütün bunlar gələn il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı hazırlığın tərkib hissəsidir: "Bununla əlaqədar ermənilər bir xeyli səs-küy salmağa başlayıblar. “Bu prosesin arxasında tək Ermənistan deyil, ümumiyyətlə erməni lobbisi, xristian dairələri kimi ciddi qüvvələr durur".

S. Novruzov bildirib ki, Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildə Kəlbəcərin işğalı ilə əlaqədar bağlanılıb: “Bu gün Kəlbəcər, ümumiyyətlə, Azərbaycanın işğal edilmiş əraziləri işğaldan azad edilib ki, sərhədlərin açılması ilə əlaqədar fikir söylənilir? O baxımdan sərhədlərin açılması dəfələrlə gündəmə gəlsə də, istər Türkiyənin keçmiş xarici işlər naziri olmuş hazırkı baş naziri Əhməd Davudoğlu, istər Türkiyənin baş naziri olmuş bugünkü prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif çıxışlarında, bəyanatlarında, müsahibələrində, görüşlərində elan ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə qədər sərhədlər açılmayacaq. Türkiyə Böyük Millət Məclisinin sədri də bu yöndə bəyanat səsləndirib. Türk xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunana, ərazilərimiz işğaldan azad edilənə qədər Ermənistanla sərhədlərin açılmasına razılıq verməz. İstənilən müqavilə imzalansa belə, Türkiyə parlamentində ratifikasiya olunmalıdır. Təbii ki, Türkiyə parlamentindəki partiyalar, millət vəkilləri buna etirazlarını bildirəcəklər. Açıqlamalar, tədbirlər sadəcə, cəmiyyətin reaksiyasını yoxlamaq üçündür”.

YAP icraçı katibinin müavini Roma Papasının açıqlamasını da təsadüfi saymır. Onun sözlərinə görə, Roma Katolik Kilsəsinin qədimdən başlayaraq bu gün də dünya siyasətinə təsir mexanizmləri mövcuddur: “Roma Papasının bu işə qoşulması, bundan əvvəl ABŞ dövlət katibinin Türkiyəyə səfəri diqqət çəkir. Yeri gəlmişkən, müəyyən dövrlərdə Azərbaycana bir rayonun, yaxud bir neçə rayonun işğaldan azad edilməsi müqabilində Ermənistanla əlaqələrin bərpa edilməsi təklifləri edilib, Türkiyə ictimaiyyətinin də bu halda dəstəyinin alınaraq Ermənistanla sərhədlərin açılmasına nail olması cəhdləri baş verib. Vaxtilə ABŞ prezidenti Barak Obama da Türkiyəyə səfərində sərhədlərin açılmasından bəhs etmişdi. Bütün bu insanlar dünya siyasətini müəyyən edən insanlar, dövlətlərdir. Bununla yanaşı, Roma Papasının nə qədər böyük qüvvə olmasına baxmayaraq, bu, Türkiyə və Azərbaycan arasında ciddi və fundamental məsələdir. Kimin nə deməyindən asılı olmayaraq, Türkiyə heç vaxt Azərbaycanla münasibətlərin korlanmasına gedə bilməz”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, hələ bir müddət əvvəl Gürcüstanın Patriarx-katalikosu II İlya öz ölkəsində yaşayan ermənilərlə görüşündə Papa Fransisklə görüşü barədə danışmışdı və bildirmişdi ki, Papa ona belə deyib: "Siz və ermənilər müsəlman dünyasının içindəki oazissiniz. Buna görə də xristian dini naminə bir-biriniz dəstəkləməli və bir yerdə olmalısınız". Çox təəssüf ki, o zaman İslam dünyasının dini rəhbərləri və siyasiləri bu məsələyə münasibət bildirmədilər. Papa Fransiskin hansı mövqedən çıxış etdiyini anlamaq üçün, məncə, bu misal yetərlidir".

Q. Həsənquliyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin ədalətsiz yanaşmasının əsasında dayanan amillərdən biri də ərazisi işğal edilənin müsəlman, işğal edənin isə xristian dininin təmsilçisi olmasıdır: "Biz bu amili heç vaxt nəzərdən qaçırmamalıyıq. Papanın açıqlaması da beynəlxalq birliyin bu amilə nə qədər üstünlük verməsinin növbəti sübutudur".

Millət vəkili bildirib ki, Papanın açıqlaması təsadüfi deyil və pislənilməlidir: "Papa işğala son qoyulmasını, bir milyondan artıq insanın pozulmuş hüquqlarının bərpasını tələb etsəydi, bu daha humanist və onun mövqeyinə yaraşan olardı. Əgər bu işğal faktı aradan qalxsa, sərhədlər də dərhal açılacaq, digər problemlər də həll olunacaq. Papa ona inananları və itaət edənləri işğal etməməyə, qan tökməməyə, başqalarının hüquqlarını pozmamağa çağırmalıdır".

Millət vəkili Zahid Oruc da baş verənləri təsadüf saymır. O, Türkiyəyə səfər kontekstində Roma papası Fransisk tərəfindən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının gündəmə gətirilməsini sıradan bir açıqlama kimi dəyərləndirmir. Z. Orucun sözlərinə görə, belə mühüm görüşlərdən sonra verilən açıqlamaların hər bir detalı hesablanır: “Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması mühüm beynəlxalq layihədir, Sürix protokollarının imzalanmasından sonrakı dövrdə Azərbaycanın müdaxiləsi ilə yarımçıq qalmışdı, dondurulmuşdu. Bu prosesi hər hansı formada yenidən hərəkətə gətirmək üçün daha mühüm qüvvələr vasitəsilə addımlar atılır”.

Z. Oruc Vatikanın tək dini mərkəz olmadığını, dünyəvi siyasətdə də mühüm rol oynadığını vurğulayıb: “Vatikan dünyəvi siyasətin məxfi qismində hər zaman bir nüvə rolunda çıxış edib. Hazırda hər vəchlə katolik aləmini də Türkiyə-Ermənistan münasibətlərinə qatmaq istəyirlərsə, deməli, alt qatda dayanan ciddi doktrinalar, planlar var. Ona görə də Roma papasının açıqlamasını sıradan bir məsələ kimi qiymətləndirmək olmaz”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa deyib ki, Roma Papasının humanizm xarakterli təşəbbüsü ilk növbədə Ermənistana çağırış edib, işğal etdiyi torpaqlardan çıxması ilə bağlı olmalıdır: “O Papa olaraq işğalçılıq siyasətinə son qoyulması üçün ilk növbədə Ermənistana müraciət etməlidir. Papanın bir dövlət başçısı kimi də yəqin ki kifayət qədər məlumatı da var ki, Türkiyə Ermənistanla sərhədi nəyə görə bağlayıb. Türkiyə sərhədi Ermənistan Azərbaycana qarşı işğalçılıq və terror siyasəti yeritdiyi üçün bağlayıb. Ona görə də Papanın bu mövzu ilə bağlı fikirlərini birtərəfli məqsəd daşıdığını düşünürəm və bu əsaslandırılmış addım deyil”.

F. Mustafa onu da qeyd edib ki, Papa əgər Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanmasına çalışırsa, buna əsl səbəbindən başlamalıdır və Ermənistanı həyata keçirdiyi terror siyasətindən çəkindirməlidir: “Amma nə Papa bu cəhdi edir, nə də Ermənistan siyasətindən əl çəkir. Bu baxımdan Papanın bu çıxışı Ermənistanı məqsədyönlü şəkildə yazıq, himayəsiz təqdim etmək niyyəti ilə edilən çağırışdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR