Gülağa Aslanlı: “Arif Hacılının komandasında qaragüruhçu yoxdur”

Gülağa Aslanlı: “Arif Hacılının komandasında qaragüruhçu yoxdur”
# 13 oktyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Əhliman Abbas qaragüruhçu deyəndə kimləri nəzərdə tutur, bunu deyə bilmərəm. Bəlkə də onun nəzərdə tutduğu qaragüruhçu öz ətrafında olan adamlardır. Arif Hacılının komandasında qaragüruhçu və Müsavat Partiyasının inkişafına mane olan adam yoxdur”.

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbasın istefa haqqında bəyanatına münasibət bildirərkən deyib.

G. Aslanlı bildirib ki, qurultaydan sonra partiyada yaranmış vəziyyət faciə sayılmamalıdır. O qeyd edib ki, partiya rəhbərliyinə istefa verən şəxslər tərəfindən imzalanmış hər hansı müraciət daxil olmayıb: “Müsavat Partiyası demokratik partiyadır və keçirilən qurultayın nəticələrini kimlərinsə şübhə altına alması uduzan tərəfin kiçik bir cığallığı kimi qiymətləndirilə bilər. Ancaq istefa haqqında bəyanatların arxasında heç bir rəsmi sənəd durmadığı üçün bu barədə əvvəlcədən fikir söyləmək çətindir. Müsavat Partiyasına daxil olmaq da, partiyadan azad olmaq da sərbəstdir. Amma bunun üçün ərizə ilə müraciət etmək lazımdır”.

Ə. Abbasın Müsavat Partiyasının mövqeyini dəyişməsi ilə bağlı fikrinə də münasibət bildirən G. Aslanlı bunun həqiqətə uyğun olmadığını söyləyib: “Gənclər Təşkilatı sədrinin belə bir ifadə işlətməsini qəbul etmirəm. Müsavat Partiyası xəttini dəyişməyib. Biz digər partiyalarla siyasi məhbusların dəstəklənməsi məsələsində funksional əməkdaşlıq edirik. Siyasətlə məşğul olan adamlar bunu bilməlidirlər. Bəzi məsələlərdə fikirlərimizin üst-üstə düşdüyü partiyalarla əməkdaşlığımızı başa düşməmək siyasətçi üçün müsbət hal deyil. Bunu kimsə Müsavatın xəttini dəyişməsi kimi qəbul edirsə, bu, siyasətdə yeni olmaq deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR