Fransa mətbuatında Bakıda keçiriləcək Avropa Oyunlarından bəhs edən məqalə dərc olunub

Fransa mətbuatında Bakıda keçiriləcək Avropa Oyunlarından bəhs edən məqalə dərc olunub
# 10 oktyabr 2014 13:49 (UTC +04:00)

Bakı-APA. Fransanın nüfuzlu “Les Echos” qəzetində 2015-ci ilin iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” başlıqlı məqalə dərc olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycan tərəfinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməyə və bununla da dünya ictimaiyyətinə ölkəmizi olimpiada vətəni kimi göstərməyə səy etdiyi yer alıb.

Müəllif Oliviye Bundən qeyd edib ki, regionun aparıcı dövləti olan Azərbaycan bir neçə ildir ki, inkişaf səviyyəsi ilə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və bununla da Qərb qonşularının diqqətini özünə cəlb edib. Məqalədə Azərbaycanın iki dəfə olimpiya oyunlarına ev sahibliyi etməyə cəhd göstərməsi və sonda istəyinə nail olması xüsusi qeyd olunub. Fransız jurnalist Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışların keçirilməsinə imkan verəcəyini bildirib.

Məqalədə fransız jurnalist Rusiya, Türkiyə və İranla sərhəddə yerləşən Azərbaycanın neftlə zənginliyindən bəhs edib, müxtəlif xidmət sektorunu inkişaf etdirməklə və turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

2015-ci ilin iyun ayında təşkil olunacaq Avropa Oyunlarında Avropanın 49 ölkəsini təmsil edən 6 min idmançının iştirak edəcəyini diqqətə çatdırılıb.

Avropa Oyunlarına hazırlığın gedişatını izləmək məqsədilə təşkilat komitəsinin artıq dörd dəfə Azərbaycana səfər etdiyi, oyunların televiziya vasitəsilə bütün dünyaya yayımlanacağı məqalədə qeyd olunub. Sonda bildirilib ki, 2024-cü ildə keçiriləcək yay olimpiada oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR