Azərbaycanda uşaq əməyinin istismarı halları azalıb - FOTO

Azərbaycanda uşaq əməyinin istismarı halları azalıb - <span style="color: red;">FOTO
# 10 oktyabr 2014 12:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) uşaq əməyinə dair Avropa, Mərkəzi Asiya və ərəb ölkələri üzrə proqram rəhbəri Snejina Bedalli ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, İ. İsayev milli qanunvericilikdə uşaq əməyinə münasibətdən söz açaraq bildirib ki, BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş 138 nömrəli konvensiyasına uyğun olaraq, ölkənin Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən olunub. Həmçinin konvensiyadakı müvafiq prinsip əsasında, Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, əmək şəraiti, iş vaxtının, əmək məzuniyyətinin vaxtı, müddəti və s. baxımından onlar üçün müvafiq təminatlar, güzəştlər əksini tapıb.

Nazir müavini işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə ölkəmizin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza tədbirlərini diqqətə çatdırıb. O bu sahəyə dövlət nəzarətinin daim gücləndiyini, artıq uşaq əməyinin istismarı hallarının getdikcə azaldığını qeyd edib.

İ. İsayev Azərbaycanda tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi (EİS) barədə də məlumat verərək bildirib ki, sistemdə artıq 1,3 milyondan artıq əmək müqaviləsi bildirişi qeydə alınıb. Əmək bazarı ilə bağlı geniş informasiya bazasını, həmçinin işçilərin yaş həddini, fotoşəkillərini özündə əks etdirən bu sistem eyni zamanda uşaq əməyinin istismarı hallarının da dərhal aşkar olunmasına imkan verəcək.

S. Bedalli Azərbaycanda uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində aparılan işlərin məmnunluq doğurduğunu və BƏT-in gələcəkdə bu işlərdə ölkəmizə dəstək verməyə hazır olduğunu qeyd edib. O, qarşıdakı dövrdə ölkəmizdə uşaq əməyi ilə bağlı aidiyyatı təşkilatların təmsil olunduğu əlaqələndirmə komitəsinin yaradılması, habelə uşaq əməyinə dair sorğunun keçirilməsi, uşaq əməyinin istismarına qarşı mübarizə sahəsində çalışanların peşəkarlığının artırılması üçün təlim və treninqlərin təşkili kimi təkliflərini səsləndirib. Bu istiqamətlərdə görüləcək işlərdə BƏT tərəfindən müəyyən dəstəyin veriləcəyini bildirən S. Bedalli bildirib ki, Azərbaycanda tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS olduqca önəmli bir islahat tədbiri kimi böyük önəm kəsb edir və BƏT tərəfindən yüksək dəyərləndirilir. Fəaliyyət sahəsi olan Avropa, Mərkəzi Asiya və ərəb ölkələrində belə bir mütərəqqi sistemlə rastlaşmadığını qeyd edən S. Bedalli Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin digər bir çox ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR