Azərbaycanda son bir ildə əmtəə bazarı 10% artıb

Azərbaycanda son bir ildə əmtəə bazarı 10% artıb
# 20 dekabr 2014 11:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 19,2 mlrd. manata bərabər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,7%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,4%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,7%-i əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-noyabr aylarının səviyyəsini 9,5% üstələyib, bu bölmə üzrə real artımın 66,4-%i fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Hesabat dövründə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 185,9 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 manat çox əmtəə alıb. Bu artımın 64,9%-i və ya 11,3 manatı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində yaranıb.

Əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü ilin on bir ayı ilə müqayisədə 46,6%-dən 49,9%-dək yüksəlib. Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 15,6% artaraq 9,6 mlrd. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 79,0%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin yanvar-noyabr aylarının səviyyəsini 3,6% üstələyib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 93,1 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 92,8 manatlıq qeyri-ərzaq malları alıb. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,3 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 3,1 manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i qida məhsulları, içkilər və tütün məmulatlarının, 21,0%-i toxuculuq malları, geyim və ayaqqabıların, 4,7%-i elektrik malları və mebelin, 0,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 1,3%-i əczaçılıq və tibbi malların, 8,0%-i avtomobil yanacağının, 14,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR