“Əsrlərin yaddaşı” layihəsinin təqdimatı keçirilib

“Əsrlərin yaddaşı” layihəsinin təqdimatı keçirilib
# 04 iyun 2015 15:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “İçərişəhər” Dövlət Memarlıq Qoruğunun “Muğam klubu”nda “Əsrlərin yaddaşı” layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin həyata keçirdiyi layihə Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunub.

Təqdimatda çıxış edən nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, layihə “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət edir.

V. Şixəmmədov qeyd edib ki, nazirlik mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və bununla bağlı yeni sektor da fəaliyyət göstərir: “Düşünürəm ki, bu işlərin nəticəsi olaraq təqdim edilən bugünkü layihə bu əməkdaşlığa öz töhfəsini verəcək. I Avropa Oyunlarına gələn qonaqlar bu layihələrdən bəhrələnərək ölkəmizin mədəniyyəti və incəsənəti ilə yaxından tanış ola biləcəklər. Qarşımızda duran vəzifə odur ki, bu günlərdə Azərbaycana gələn qonaqlar vətənimiz haqqında müsbət fikirdə olsunlar, buradan qayıtdıqdan sonra ətraflarındakı insanlara Azərbaycan haqqında düzgün informasiya çatdıraraq digər turistlərin də ölkəmizə marağını artırsınlar”.

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova tədbirdə bildirib ki, layihə həm ölkə daxilində həm də beynəlxalq səviyyədə milli geyimlərimizin təbliğinə töhfə olacaq.

Sonra layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Tədbirdə Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivinin, beynəlxalq müsabiqələr laureatı Arslan Növrəslinin caz qrupunun ifası təqdim olunub.

Tədbir iştirakçıları “İçərişəhər” Dövlət Memarlıq Qoruğunun “Ənənəvi incəsənət mərkəzi” gənclərinin bərpa etdiyi sənət nümunələri ilə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR