Təhsil naziri: "Düzgün işəgötürən və işçi münasibətini təmin edə bilməsək, rəqabətdə uduzacağıq"

Təhsil naziri: "Düzgün işəgötürən və işçi münasibətini təmin edə bilməsək, rəqabətdə uduzacağıq"
# 06 mart 2015 10:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Biz əmr vermədən qarşılıqlı maraq yaratmaq münasibətinin formalaşdırmasına keçməliyik. Çünki bizim dünən tətbiq etdiyimiz sistem, şərti olaraq, təyinat sistemi bugünkü sosial reallıqla uyğunlaşmır".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Bu gün xaricdə təhsil almağa ölkənin ən istedadlı tələbələrinin cəlb olunduğunu açıqlayan nazir bildirib ki, onlara həmin ali məktəbin məzunu olduqdan sonra Azərbaycana qayıdıb, onun üçün maraqlı olmayan işdə çalışmağı əmr etmək mümkün deyil: “Bunu təmin etmək üçün mexanizmimiz də yoxdur. ikincisi də dünya dəyişib və fərqlidir. Әgər biz həmin məzun üçün burada düzgün mühiti, elmi tədqiqatları aparmaq üçün lazımı işi, işəgötürən və işçi münasibətini və digər məsələləri təmin edə bilməsək, demək rəqabətdə uduzacağıq".


Təhsil naziri qeyd edib ki, ali təhsil bazarında qloballaşma çox yüksək sürətlə gedir: “Əgər dünən ən yaxşı tədris üçün başqa ölkələrə müəllimlər gedirdisə, bu gün artıq tələbələr gedir. Hətta öz hesabına gedənlər də var. 10 ildən sonra bu rəqabət daha da artacaq. Biz bu qarşılıqlı marağı tapmalı və bilməliyik ki, tələbənin marağı nədir və o bizdən nə istəyir. Necə edək ki, biz onu bu dialoqa və marağa cəlb edə bilək. Təbii olaraq bu da elmi şəraitdir. Bu məsələlərlə bağlı tez-tez AMEA rəhbərliyi ilə də müzakirələr aparılır. Biz əmrlə elmi-tədqiqatların təbiətini dəyişə bilmərik. Bu illüziyadır. Bütün nailiyyətləri əldə edən alimin öz işini, üsulunu, tədqiqat qaydasını dəyişməsi üçün səbəb olmalıdır. Biz bu dəyişiklik üçün stimul verməliyik və bunun axtarışında olmalıyıq. Biz o stimulu alimə, elmdə marağı olan şəxsə verə bilmədikdə Azərbaycan elminin beynəlxalq elmə inteqrasiya olunması üçün istədiyimiz qədər əmr versək də, bunun effekti, faydalılıq əmsalı çox aşağı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR