Azərbaycanın qeyri-neft sahəsində istehsal 4,2% artıb

Azərbaycanın qeyri-neft sahəsində istehsal 4,2% artıb
# 15 iyul 2014 14:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin I yarısında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 16,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehsal edilmiş sənaye məhsulunun 72,9%-i mədənçıxarma bölməsinin payına düşür. Hesabat dövründə mədənçıxarma bölməsində 21,2 mln. ton neft, 9,1 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1%-ni təşkil edib. Hesabat dövründə qida, geyim, tütün məmulatlarının, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.


Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 4,2% üstələyib, neft-qaz sektorunda isə 3,4% azalıb.

Ümumi sənaye istehsalının 93,4%-i malların (əmtəələrin), 6,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,3%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR