Əli Həsənov: “Bölgədə ən sabit cəmiyyət, mili, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür”

Əli Həsənov: “Bölgədə ən sabit cəmiyyət, mili, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür”
# 07 may 2015 10:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyalarının qovuşduğu, müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfransda “Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri” mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sırasına azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadı və dəstəyini, mili maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən ziyalıların nümayiş etdirdiyi güclü mili iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü də aid edirlər: “Bu gün bölgədə ən sabit cəmiyyət, mili, etnik və dini icmalar arasında sülh və tolerantlıq mühiti məhz Azərbaycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər verir”.

Ə. Həsənov qeyd edib ki, dövlətlərin siyasi, iqtisadi fəaliyyətinin ölçü meyarı, göstəriciləri və uğuru həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərlərin təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual səviyyəsindən asılıdır: “Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onun regional mərkəz statusuna yüksəldir və beləliklə, geosiyasi dəyərini daha da artırıb. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq və narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı mili və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerantlıq məkanı-multikulturalizm mərkəzi kimi bütün dünyada tanınır və qəbul olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR