Milli QHT Forumu "Chatham House"da Bako Saakyanla görüş keçirilməsinə etiraz edib

Milli QHT Forumu "Chatham House"da Bako Saakyanla görüş keçirilməsinə etiraz edib
# 04 iyul 2015 12:43 (UTC +04:00)

Bakı - APA. İyulun 3-də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin növbəti iclası keçirilib.

Forumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas zamanı bir sıra məsələlərə baxılıb, o cümlədən təşkilata daha iki üzv qəbul olunub. Beləliklə, forum üzvlərinin sayı 658-ə çatıb.

Daha sonra "Baku-2015" I Avropa Oyunlarının yekunu müzakirə olunub və forumun rəhbərliyi yarışların Azərbaycanın tarixində çox möhtəşəm hadisə olduğunu qeyd ediblər. Forumun prezidenti Rauf Zeyni "Baku-2015" I Avropa Oyunlarında qazanılmış qələbələrlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təbrik məktubu ünvanladığını diqqətə çatdırıb.

İclasda həmçinin Milli Mətbuatın 140 illik yubileyi barədə müzakirələr aparılıb və QHT-lərlə mütəmadi olaraq işləyən media nümayəndələrinin mükafatlandırılması ilə bağlı müvafiq tədbirin keçirilməsi qərara alınıb.

İclasın yekununda Azərbaycanın işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfərini və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakına etiraz bəyanatı qəbul edilib.

Bəyanatdan deyilir: "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən hər hansı bir şəxsin Böyük Britaniya rəsmiləri tərəfindən qəbul olunması və onun bu mövqedən çıxışına şərait yaradılması, Azərbaycan və Böyük Britaniya dövlətləri arasında dostluq və strateji münasibətlərin inkişafına gölgə salmaqla yanaşı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldilmiş addım olaraq dəyərləndirilir. Azərbaycanın iyirmi faizdən çox torpaqlarının işğal olunması və iyirmi ildən artıq müddətdir ki, BMT-nin qətnamələrinin icra olunmaması, bir milyondan çox qaçqın və məcburi köçkünün öz dədə-baba yurdlarına qayıda bilməməsi və bunun Azərbaycanın beynəlxalq hüquqlarının pozulması demək olduğu BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Böyük Britaniyaya hər kəsdən daha çox məlumdur.

Sıralarında 658 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq Azərbaycan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfərini və "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirakına etiraz edirik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR