Natiq Cəfərli: “Müsavat və AXCP ilə bağlı tənqidi fikirlərimiz dəyişməyib”

Natiq Cəfərli: “Müsavat və AXCP ilə bağlı tənqidi fikirlərimiz dəyişməyib”
# 28 avqust 2015 08:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyası və “Nida” ilə danışıqların predmeti yalnız seçki dönəmində texniki yardımla bağlıdır”.

Bunu APA-ya açıqlamasında REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib. O, REAL-ın Müsavat Partiyası və “Nida” Vətəndaş Hərəkatı ilə apardığı danışıqların mahiyyətini açıqlayaraq bunun hər hansı siyasi blokun yaranmasına xidmət etmədiyini vurğulayıb: “Həm Müsavat Partiyası, həm “Nida”, həm də REAL hərəkatının seçkilərdə iştirak niyyəti var. Bu üç təşkilat arasında birgə müşahidənin təşkili, bir-birinin əleyhinə kampaniyanın aparılmaması ilə bağlı yalnız seçki dönəmini əhatə edən danışıqlar gedir. Yəni bu, nə blok, nə də seçkiyə birgə getmək anlamına gəlməməlidir. Hətta bir dairədən bu təşkilatların hərəsinin öz namizədi ola bilər. Yəni bu, dairələrin də razılaşdırılması prosesi deyil. Sadəcə, seçki dönəmində ortaya çıxa biləcək problemlərə dair qarşılıqlı yardım haqqında ilkin danışıqlar aparılır”.

N. Cəfərli əvvəllər Müsavat Partiyasının fəaliyyətini tənqid etməsinə baxmayaraq, indi bu təşkilatla danışıqlar aparmasına da aydınlıq gətirib: “Əslində həm Müsavat Partiyası, həm də AXCP ilə bağlı bizim tənqidi fikirlərimiz var və dəyişməyib. Ancaq burada söhbət hansısa uzunmüddətli əməkdaşlıqdan deyil, yalnız seçki dönəmində seçkilərə nəzarətdən gedir. Əgər AXCP də seçkiyə getsəydi, onlarla da bu cür danışıqlar aparardıq. Hesab edirik ki, bu təşkilatların ayrı-ayrılıqda seçkilərə nəzarət etməyə fiziki imkanları yoxdur. Ona görə də seçki dönəmində funksional əməkdaşlıqla bağlı danışıqların aparılması normaldır. Ümumiyyətlə, REAL-ın Azərbaycanda şəxslər və təşkilatlarla bağlı birliklərin uğursuzluqla nəticələnməsi haqqında mövqeyi həmişə açıq olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR