Türkiyənin Gəncədəki baş konsulu Mingəçevirə səfər edib - FOTOSESSİYA

Türkiyənin Gəncədəki baş konsulu Mingəçevirə səfər edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2015 12:59 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün Mingəçevirə səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, baş konsul əvvəlcə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Görüş zamanı qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda Mingəçevir şəhəri “Bakı-2015” Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür.

Sonra baş konsul Orhan İşık “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların qalacağı Olimpiya kəndinə, Heydər Əliyev Mərkəzinə, Gənclər Evinə, Mərkəzi Şəhər Xəstəxanasına gedərək orada yaradılan şəraitlə tanış olub. O, şəhərin mənzərəli guşələrində xatirə şəkilləri çəkdirib.

Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan diplomat Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını söyləyib. O, Mingəçevirdə çox böyük layihələrin həyata keçirilməsinin şahidi olduğunu, yayda Mingəçevirə gələrək avarçəkmə yarışlarını izləyəcəyini və istirahət edəcəyini deyib: “Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Bölgədəki bu xəstəxana müasirliyinə görə paytaxt xəstəxanalarından geri qalmır. Buradakı tibbi avadanlıqlar çox müasirdir. Türkiyənin avarçəkmə üzrə yığma komandası Avropa Oyunlarında iştirak etmək üçün Mingəçevirə gələcək. Mən çox şadam ki, ölkəmin idmançıları belə müasir infrastruktura malik olan bir şəhərdə yarışacaqlar. Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR