Azərbaycanın ən iri polad istehsalçısı 5 min nəfəri işlə təmin edəcək

Azərbaycanın ən iri polad istehsalçısı 5 min nəfəri işlə təmin edəcək
# 27 may 2015 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda Polad İstehsalı Kompleksinin inşası və fəaliyyətə başlaması dövründə regionda 5 000-ə yaxın insan işlə təmin olunacaq. Bundan 2 700 nəfərədək daimi işlə təmin ediləcək.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin Satınalma və Logistika Departamentinin direktoru Eldəniz Cəfərov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, Polad İstehsalı Kompleksinin strukturuna daxil olan zavodlarda və filizsaflaşdırma müəssisəsində qabaqcıl texnologiyaların tətbiqi, istehsalat proseslərinin beynəlxalq standartlara cavab verməsi kompleksdə mütərəqqi idarəetmə sisteminin formalaşdırılmasını tələb edir: “Hazırda formalaşdırılmış insan resurslarının idarəolunması siyasəti yüksək peşəkarlıq, müasir düşüncə, geniş kommunikasiya (o cümlədən xarici dil bilikləri) prinsiplərinə əsaslanır. Bununla yanaşı, gələcəkdə ASPC-nin infrastrukturunun geniş şəbəkəsinin qurulması, inkişaf etdirilməsi və uğurla idarə edilməsi üçün əməkdaşların bilik səviyyəsinin, peşə səriştəsinin və iş təcrübəsinin artırılması, kadr bazasının peşəkar kadrlarla, təcrübəli mütəxəssislərlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Kompleksin fəaliyyətinin istər idarəetmə səviyyəsində, istər istehsalat prosesinin ilkin mərhələsi olan dəmir filizi yatağında kəşfiyyat, hasilat işlərindən başlayaraq son məhsulun buraxılışınadək hər bir mərhələsində peşəkar kadrların olması prioritet məqsədlərdəndir”.

E. Cəfərov deyib ki, Azərbaycanda dağ-mədən sənayesi, polad istehsalı sahəsində gənc mütəxəssislərin, peşəkar və rəqabət qabiliyyətli kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərə yiyələnməsi üçün ASPC ilə Təhsil Nazirliyi arasında, eyni zamanda kompleksin fəaliyyəti çərçivəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsi məsələlərinin birgə icrası ilə bağlı Milli Elmlər Akademiyası ilə xüsusi memorandumlar imzalanıb: “Bundan başqa, gələcəkdə müasir təlimlərin tələblərinə cavab verən Tədris Mərkəzinin yaradılması da nəzərdə tutulur. Əməkdaşların biliklərinin dərinləşməsi və təcrübə mübadiləsi məqsədilə xarici ixtisasartırma kurslarına göndərilməsi, xarici ekspertlərin dəvət olunması da planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR