“Kövsərbank” inkişaf planı hazırlayıb

“Kövsərbank” inkişaf planı hazırlayıb
# 27 avqust 2014 13:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2014-cü ilin aprel ayında lisenziyasını bərpa edilən "Kövsər Bank" hələ tam fəaliyyətə başlamayıb.

“Kövsərbank”ın İdarə Heyətinin sədri Heydər İbrahimov “APA-Economics”ə bildirib ki, bankın fəaliyyətə başlaması üçün hazırlıq işləri görülür.

Onun sözlərinə görə, 10 gün ərzində pul köçürmə sistemlərinə qoşulma prosesi başa çatacaq. Bankın fəaliyyətinin tam bərpasına gəlincə, H. İbrahimov indidən bu barədə danışmağın tez olduğunu söyləyib.

Onun sözlərinə görə, “Kövsərbank” əvvəllər olduğu kimi indi də İslam bankçılığı qaydaları ilə fəaliyyət göstərəcək.

“Bazarın tələbi olarsa, yeni məhsullar tətbiq edərik. Ümumiyyətlə Azərbaycan bank sektorunda təklif olunan bütün məhsulları biz də təklif edirik. İslam bankçılığında nəzərdə tutulan bütün əməliyyatları biz yerinə yetiririk”, - deyə sədr vurğulayıb.

H. İbrahimov əlavə edib ki, bankın inkişafı üçün plan hazırlanıb: “Bankın inkişafı üçün müəyyən planlarımız var. Həm əməliyyatların sayını, həm aktivləri və s. artırmaq niyyətimiz var”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aprelin 9-da lisenziyasını bərpa edilən "Kövsər Bank"ın may ayında fəaliyyətə başlayacağı bildirilir.

“Kövsər Bank” nizamnamə kapitalını 38 mln. manat məbləğində səhmin əlavə emissiyası hesabına 4,8 dəfə - 50,02 mln. manatadək artırmağı planlaşdırır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nominal dəyəri 200 manat olan 190 min ədəd səhminin əlavə emissiya prospektini qeydiyyata alıb.

Xatırladaq ki, bankın lisenziyası 2010-cu ilin sonunda AMB-nin ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilib. Bu zaman bankın nizamnamə kapitalı 12,02 mln. manat olub.

“Kövsər Bank” 1988-ci ildə yaradılıb və Azərbaycanda İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən ilk bankdır. Bank klassik kreditlər vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR